Uşaq incəsənət məktəbinin konserti
F.Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbində “Uşaqlara məhəbbətlə” adlı tədbir-konsert keçirildi. Tədbir 1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə təşkil olunmuşdu.
Tədbiri məktəbin müəllimi, musiqişünas Aytən Manafova açaraq əlamətdar günün tarixindən danışdı. Qeyd olundu ki, Azərbaycanda uşaq hüquqlarının qorunması diqqət mərkəzindədir. Respublikamızda uşaqların sağlam və Vətənə layiqli övlad kimi yetişməsi üçün hər cür şərait yaradılıb. Çünki uşaqlar bizim gələcəyimizdir. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması və onların istedadının üzə çıxarılması istiqamətində mühüm işlər görülür.
Sonra məktəbin Xalq çalğı alətləri orkestrinin ifasında Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından “Təntənəli rəqs”, “Reyhan” mahnısı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Qızların xoru”, Süleyman Ələsgərovun qanun və xalq çalğı alətləri orkestri üçün rapsodiya, Tofiq Quliyevin “Bakı haqqında mahnı”, habelə “Sarı gəlin” xalq mahnısı səsləndi.
Bütün ifalar alqışlarla qarşılandı.
Sonda məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şəmsi Gülverdiyev iştirak edirdi.
Savalan FƏRƏCOV