Azərbaycan Tərcümə Mərkəzində tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının anadan olmasının 60 illik yubileyi qeyd edilib.

Mərkəzin direktoru, yazıçı Afaq Məsud yubilyarın ədəbiyyat, kino, televiziya və digər sahələrdə fəaliyyətindən danışıb. Qeyd olunub ki, 1980-ci illərdən publisistik yazıları ilə mətbuatda çıxış edən N.Əbdülrəhmanlı tezliklə hekayə və povestləri ilə də oxucuların rəğbətini qazanıb. Kinopublisistika və kino tarixi ilə də ciddi məşğul olan N.Əbdülrəhmanlı “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazıb. Qələmə aldığı ssenarilər üzrə bədii və sənədli filmlər çəkilib. O, həmçinin folklor araşdırmaları aparıb, bir çox aşıq və şairlərin yaradıcılığını toplayaraq kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub.

2000-ci illərdə romanları işıq üzü görən yazıçı bədii tərcümə ilə də məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2011-ci ildə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.