Azərbaycan
5 iyun 1908 - Şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə; 1908 - 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. 10 şeir və poemalar toplusu nəşr olunub. Pantürkizm və millətçilikdə ittiham edilərək repressiya olunub.
5 iyun 1939 - Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 - 28.1.2015) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında məxsusi yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.
5 iyun 1941 - Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 iyun 1949 - Yazıçı, ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855-1931) Bakıda doğulub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən olub. Klassik üslubda şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
6 iyun 1917 - Teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942-1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.
6 iyun 1929 - Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızıda), Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərini yaradıb.
6 iyun 1929 - Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.
6 iyun 1951 – Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, “Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır” filmlərinə çəkilib.
7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.
7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə (“Qlavlit”) yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. “Qlavlit” 80-ci illərin sonunda qismən ləğv edildi.
7 iyun 1946 - Ssenarist, rejissor, Xalq artisti Ramiz Məmmədəli oğlu Fətəliyev Bakıda anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”), “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim” və s. filmlərin ssenari müəllifidir, “Hökmdarın taleyi” filminə quruluş (D.Fatxulin ilə birgə) verib.
8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.
Dünya
5 iyun “Dünya ətraf mühit günü”dür (World Environment Day). 1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
5 iyun 1898 - İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599-1660) anadan olub.
6 iyun 1606 – Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
6 iyun 1799 – Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: “Yevgeni Onegin” (mənzum roman), “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Tunc atlı” (poema), “Boris Qodunov”, “Motsart və Salyeri” (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s.
6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875-12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.
7 iyun 1848 - Fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
7 iyun 1952 - Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) laureatı Orxan Pamuk İstanbulda doğulub. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanların müəllifidir. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7. 1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.) çəkib.
Hazırladı: Vüqar ORXAN