“İstedad sorağında-3” müsabiqəsinin qalibini təqdim edirik

Gənc rəssam Aynur Səmədova bu günlərdə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən, Cümhuriyyətimizin 100 illiyinə həsr edilmiş “İstedad sorağında-3” müsabiqəsinin qalibi olub. “Mədəniyyət” qəzeti layihəyə informasiya dəstəyi verib və bu mövzuda növbəti yazı olaraq yarışmanın qalib rəssamını oxuculara tanıtmaq istərdik.

Aynur 1990-cı ildə Oğuz rayonunun Padar kəndində doğulub. Tale elə gətirib ki, o, doğulduğu kənddə yox, uzun illər ailəsilə Rusiyada yaşayıb. Sonradan ailə Azərbaycana qayıdıb. Aynur bildirir ki, rəssam olmaq onun uşaqlıq arzusu olub. Bir neçə dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinə sənəd versə də, qəbul olunmayıb. Dördüncü il sənədlərini Rəngkarlıq fakültəsinə verərək tələbə adını qazanıb. 2012-2016-cı illərdə burada təhsil alıb.

Rəssam bir neçə sərginin iştirakçısıdır. Özünün dediyinə görə, əsərlərinin üzərində uzun müddət çalışır. Təhsil aldığı mühit həmişə onun yaddaşında xoş duyğularla qalıb: “Yuxarı kursda oxuyanda rəssamlığın nə demək olduğunu dərindən duymağa başladım. Rəssamlıq ciddi və çətin sənətdir. Məqsədim həmişə sənətdə seçilməkdir. Əldə etdiyim uğurlara görə müəllimlərim Namiq Məmmədov və Cəlal Ağayevə borcluyam. Diplom işim alpinistlərlə bağlı idi. Ona görə akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov məni diplom işimlə əlaqədar Rusiya muzeylərinə yolladı. Çünki qar mövzusunu ən yaxşı rus rəssamları işləyiblər. Dövlət Tretyakov Qalereyasında və A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində oldum. Oradan çox böyük təəssüratla qayıtdım, yaradıcılığına heyran olduğum rəssamların əsərlərini canlı gördüm”.

A.Səmədova başda İlya Repin olmaqla rus rəssamlığını, eləcə də impressionistlərdən Klod Mone, Ogüst Renuar, Kamil Pissaro, postimpressionistlərdən Pol Sezan, Pol Qogen, mənzərə ustası George İnness,  Avstriya simvolist rəssamı Qustav Klimt və başqalarının yaradıcılığını çox bəyənir. Yerli rəssamlardan isə M.Abdullayev, V.Səmədova, T.Tağıyev, N.Məmmədov, S.Məmmədovun əsərlərinə xüsusi maraq göstərir.

Gənc rəssam məişət və təbiət mövzularında çalışmağı xoşlayır. Bundan başqa o, portret çəkməyə də üstünlük verir.

Həmsöhbətimiz deyir ki, “İstedad sorağında-3” yarışmasının qalibi olmaq sevindiricidir: “Bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Belə yarışmalar üzərimə böyük məsuliyyət qoyur. Bütün ümidləri doğrultmağa çalışacağam”.

S.QALİBOĞLU