Builki festivalda filmlər iki müsabiqə proqramında yarışır
Noyabrın 28-də Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə VIII “START” Gənclərin Beynəlxalq Film Festivalı işə başladı.
Nizami Kino Mərkəzində gerçəkləşən mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev artıq ənənə halını almış festivalın əhəmiyyətini vurğuladı: “Belə tədbirlər ölkənin kino həyatında əlamətdar hadisədir. İlbəil əhatə dairəsini genişləndirən festivalda artıq 20-dən çox ölkə təmsil olunur. Gənclərimiz də festivalda həvəslə iştirak edirlər» .
Festivalın direktoru Fehruz Şamıyev builki festivalın yeniliklərindən danışdı: «Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat alan kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki - yerli və beynəlxalq müsabiqə proqramı olduğundan, jüri üzvləri də bu proqrama əsasən seçilib”.
Qeyd olundu ki, yerli filmlər müsabiqəsində ekran əsərləri kinorejissorlar Elxan Cəfərov, İlqar Safat və “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək. Beynəlxalq müsabiqədə isə filmləri beş nəfərdən ibarət beynəlxalq münsiflər heyəti - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelene Yatsura, polşalı rejissor Culiya Kolberger qiymətləndirəcək.
Sonra festivalın münsiflər heyətinin sədri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova səhnəyə dəvət olundu. O, təmsil olunduğu heyətin qadınlardan ibarət olduğunu vurğulayaraq builki festivalın Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin xatirəsinə həsr olunduğunu xatırlatdı.
Yerli filmlər müsabiqəsinin münsiflərindən kinorejissor İlqar Safat festivalın kinonun inkişafına töhfə olduğunu bildirdi.
Çıxışlardan sonra yerli və beynəlxalq müsabiqə proqramına daxil olan iki ekran əsəri nümayiş olundu.
Qeyd edək ki, festivalda tələbələr və yaşı 35-ə qədər olan gənc rejissorlar iştirak edir. Müsabiqə proqramına 20 ölkədən animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edilib. Ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film - Qran pri” mükafatları uğrunda yarışır.
Festivala noyabrın 30-da yekun vurulacaq.
Aliyə