Azərbaycan kinosunda bənzərsiz səsi, yaradıcılığı ilə çoxsaylı tamaşaçı qəlbində yaşayan, ekran obrazlarına peşəkar ifası ilə ölməzlik gətirən unudulmaz aktyorlarımızdan biri də Müxlis Cənizadədir.
Müxlis Sabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olmuşdur. Onların ailəsində beş uşaq (4 oğlan, 1 qız) böyüyürdü. Uşaqların hər birinin incəsənətə, musiqiyə böyük həvəsi vardı. Elə buna görə də qardaşlar müxtəlif çalğı alətlərində ifa edir, sənətə, sözə böyük hörmət olan ailədə hər gün xoş əhval-ruhiyyə yaşadırdılar. Müxlisin ailəsi, doğma ocağı onu sənət dünyasına həvəsləndirən, istedadını düzgün istiqamətləndirən uğurlu yolun başlanğıcı oldu. Orta məktəbi bitirən gənc 1950-ci ildə Azərbaycan Dövlət Teatr Texnikumuna daxil olur. Burada görkəmli səhnə ustaları Kazım Ziya və Sidqi Ruhulladan sevdiyi sənətin sirlərini öyrənir. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərir, 1953-1963-cü illərdə isə Akademik Dram Teatrında maraqlı, diqqətçəkən obrazlar yaradır. Gənc aktyorun səhnəyə yaraşan xarici görünüşü, ahəngdar səsi, qüsursuz diksiyası oynadığı tamaşalara uğur gətirir, orijinal yaradıcılığı geniş tamaşaçı auditoriyasının diqqətini çəkirdi.
Dərin mütaliəsi sayəsində məsləyini daim təkmilləşdirən, sənətdə öz sözünü deyən Müxlis Cənizadə bədii qiraət ustası kimi də yaxşı tanınır, dövrünün məşhur sənətkarlarından biri hesab olunurdu. Maraqlı və cəlbedici səs tembrinə, yüksək intellektinə görə istedadlı aktyor 1961-ci ildən ömrünün sonuna kimi Dövlət Teatr İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyət göstərmişdir. Ümumiyyətlə, həmin illərdə müəyyən aktyor heyəti vardı ki, onların məhz yüksək səviyyəli səhnə danışığı Azərbaycan teatr, kino və dublyaj sənətinə çox uğur gətirirdi. Müxlis Cənizadə də aktyor texnikasının bilicisi və səhnə danışığı ustası kimi onlarla tələbəyə düzgün sənət istiqaməti göstərmiş, gənc istedadların özlərini sənətdə doğrultmalarına kömək etmişdir.
Müxlis müəllim tələbələrə sevib seçdiyi sənətinin sirlərini öyrətməklə yanaşı, eyni zamanda Teatr İnstitutunun Tədris Teatrında oynanılan “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Azər” və başqa müxtəlif səpgili tamaşalara uğurlu quruluş vermişdir.
Sevimli aktyor və rejissor Elxan Qasımov Müxlis müəllimin tələbələrindən biridir. O, “Əhməd haradadır?” filmində canlandırdığı sürücü Əhmədin tamaşaçılar tərəfindən sevilməsində bu obrazı səsləndirən müəlliminin də rolu olduğunu qeyd edir: “Müxlis Cənizadə 1962-ci ildə səhnə danışığı və aktyorluq sənətindən mənə dərs deyirdi. Yaşca bizdən böyük olsa da, onunla dostluq edirdik. Peşəkar aktyor və gözəl insan olduğu üçün onu çox sevirdik. O, Azərbaycan dilinin kinoda qüsursuz səslənməsində xüsusi rolu olan aktyorlarımızdan biridir. Onun səsi obrazı yüksəldir və tamaşaçını özünə cəlb edir. Onun səsi obrazlar qədər unudulmaz, yaddaqalandır. Müəllimimi həmişə böyük sənətkar, ustad pedaqoq kimi xatırlayıram”.
Müxlis Cənizadənin məşhur tələbələrindən olan kinoaktyor Rasim Balayev isə müəllimini belə xatırlayır: “Müxlis müəllimin dərsə gəlməyi bizim üçün toy-bayram idi. Müəllim-tələbə münasibətindən başqa, o, bizimlə dostluq edərdi. Çox vaxt bir yerdə çay içib, yemək yeyəndə də hesabı özü verərdi. Tələbələri ilə, şəxsən mənimlə çox maraqlanardı. Bizim televiziya tamaşalarında və kinoda çəkilməyimizi, seçdiyimiz sənətimizdə özümüzü tapmağımızı çox istəyərdi. Hətta institutu bitirdikdən sonra da bizimlə maraqlanardı. Tələbələrinə daim kömək edərdi. Onlarla yaxın, doğma bir insan kimi davranardı. O, dünyasını 44 yaşında dəyişib. Bizdən o qədər də yaşlı olmasa da, müdrik söhbətlərinə, dünyagörüşünə görə ona həmişə bir ağsaqqal kimi baxardıq. Müxlis Cənizadə dublyajda səsləndirdiyi və ekranda yaratdığı hər bir personajın fərqli təqdimatına görə, sözün əsl mənasında, milli kino banilərimizdən biridir”.
Filmlərdə səsləndirdiyi rollara böyük maraq yaradan Müxlis Cənizadə xarici filmlərin səsləndirilməsində də yaxından iştirak edib. Onu haqlı olaraq məşhur dublyaj peşəkarı adlandırırdılar. Aktyorun ahəngdar, əvəzolunmaz səs tembri bizə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb. O, səsini obrazlara o dərəcədə doğmalaşdırırdı ki, personajın dialoq və monoloqlarının ən incə məqamlarının təfərrüatını belə fərqli improvizələri ilə çatdırırdı. Bu mənada cilalanmış səs artikulyasiyası sayəsində səsin ona məxsus olduğunu belə hiss etmədiyimiz rollar emosional, dublyaj isə real alınırdı.
Ekranda bir çox ciddi xarakterli dramatik rolların öhdəsindən bacarıqla gələn sənətkarın komik rolları da məharətlə səsləndirməsi onun ampluasız aktyor olmasından xəbər verir. Filmlərdə səsləndirdiyi Prokuror (“Xatirələr sahili”), Çingizov (“İstintaq davam edir”), Əli müəllim (“Sehrli xalat”), Murad (“Torpaq. Dəniz. Od. Səma”) və başqa obrazların tipik cəhətləri, fikir və mövqeləri aydın tələffüz və diksiyada dəqiq çatdırılıb, dialoqların psixoloji təhlili, personajın məqsədi düzgün müəyyənləşdirilib.
Görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyev, Tofiq Tağızadə, Rza Təhmasib, Şamil Mahmudbəyov və başqaları çox böyük həvəslə onu filmlərinə dəvət edir, yaratdığı rolun neçənci planlı olmasına baxmayaraq filmlərə uğur gətirəcəyinə əmin idilər. Təsadüfi deyil ki, filmlərində daim güclü aktyor heyəti toplayan görkəmli kinorejissor Hüseyn Seyidzadə çəkdiyi üç filmdə Müxlis Cənizadə yaradıcılığına yer verib, aktyorun bədii qiraət ustası olmasını belə “O olmasın, bu olsun” filmində təsdiqləyib. M.Ə.Sabirin şeirini öz təbirincə, xüsusi avazla deyən aktyor dostlarının düşdüyü vəziyyətin bədii mənzərəsini yaratmaqla film daxilində bir tamaşa göstərir, bizi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayan gənclərin psixologiyası ilə tanış edir, hadisələrin realist inkişaf etməsinə təkan verir.
Sərvərin dostu (“O olmasın, bu olsun”), Kipiani (“Dəli Kür”) və Nəriman Tağıyev (“Yenilməz batalyon”) obrazları həyatda fərqli mövqe tutan, təfəkkürü, mədəniyyəti ilə dövrünün hadisələrinə (yaxşı mənada) müdaxilə etməyi bacaran maraqlı və xarakterik personajlardır. Obrazların məntiqli traktovkası aktyor yaradıcılığında tam açıldığına, real təqdimata görə filmlərin mövzusu bütün dövrlər üçün aktual səslənir, obrazlar həmsöhbətimizə, müasirimizə çevrilir.
O, sənətinə ciddi yanaşmaqla kinoda həyatın özünü görmək istəyirdi. Yalnız belə olan halda tamaşaçılar real obrazlar, dəqiq xarakterlər görə bilərdilər. Buna görə də sevimli aktyorun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi 20-dək filmdə yaratdığı Qara (“Bakının işıqları”), Kərim (“Bəxtiyar”), Ənvər müəllim (“Ən vacib müsahibə”), Əsəd (“Əsl dost”), “Kirpi” əməkdaşı (“Kazbek” qutusu”), baş leytenant İbrahimov (“Onu bağışlamaq olarmı?”) və başqa obrazlarına şəxsi keyfiyyətindən, nəcib xüsusiyyətindən pay düşüb. Rollarından da həyat mövqeyini bəyan edən, sağlam düşüncəsindən, insani cəhətlərindən seyrçisinə müsbət enerji ötürən aktyor “İyirmialtılar” filmində tamamilə fərqli - Qoçu obrazını yaradıb. Obrazın iti baxışı, aqressiv xüsusiyyəti, dinamik davranışı aktyorun fərqli yaradıcılıq üslubunu sübut edir, maraqlı təqdimat rolun ciddi, dolğun təzahürünü verir.
Müxlis Cənizadə üçün rol oynamaq cəmiyyətə baxış formasını fərdi intuisiyasının məhsulu kimi təqdim etmək, ətraf mühitdə gördüyü xarakterlərin inikasını yaratmaq demək idi. Onun epizodik, az sözlü rolları belə çox şeyi ifadə edirdi. O ən çətin rolların belə öhdəsindən bacarıqla gələrdi. Çox təəssüflər olsun ki, belə bir peşəkar aktyora böyük kinoda kiçik rollar həvalə edilib. Bununla belə, bütün varlığı ilə sənətə bağlı aktyorun yaratdığı rolların bənzərsiz təqdimatını görəndə bir daha yəqin edirsən ki, kinonun onu məşhurlaşdıracağını yox, onun kinonu unudulmaz edəcəyini düşünüb. İstedadlı aktyorun bütün rollarında filmlərə uğur gətirən cəhətlərini görmək mümkündür. Yaradıcılığının ilk günlərindən xalq məhəbbəti qazanan sənətkar 1960-cı ildə respublikanın Əməkdar artisti fəxri adını aldı. Həyata və insanlara olan sevgisi sayəsində də müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəldi, milli kinomuzu çoxsaylı seyrçisinə sevdirdi.
Yüksək mənəvi cəhətlərini, daxili dünyasını rollarında təlqin edən sevimli aktyor 1972-ci il dekabrın 10-da dünyasını dəyişib. Təkcə sənətdə yox, ən əsası həyatda da müsbət xarakterli insan olduğuna görə hələ də qəlblərdə, yaddaşlarda yaşamaqdadır.
Şəhla Bürcəliyeva,
kinoşünas