“TÜRKSOY kitabxanası” seriyasından tatar ədəbiyyatının görkəmli nümayəndəsi Robert Minnullinin “Bülbüllərin toyu” şeirlər kitabı Bakıda çapdan çıxıb.
Kitabı tatarcadan çevirən, tərtib edən və ön sözün müəllifi Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, redaktoru dosent Nailə Əskərdir.
Kitabda bu il 70 yaşı tamam olan Tatarıstanın Xalq şairi Robert Minnullinin tatarca şeirləri Azərbaycan dilində tərcüməsi ilə birlikdə verilib. Şeirlərdə Vətən sevgisi, ana yurdun təbii gözəllikləri, saf məhəbbət, ömür və tale, ilin fəsilləri motivləri xüsusilə qüvvətlidir.
Robert Minnullin tanınmış şair, publisist, jurnalist və ictimai xadimdir. Müxtəlif dillərdə 70-dən artıq kitabı nəşr olunub, 2007-ci ildə “Seçilmiş əsərləri”nin 7 cildliyi işıq üzü görüb. “Akbaq sirkdə”, “Yeddi əmi atı qoşur” və “Aya uçduq” uşaq kitablarına və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülüb. 1997-ci ildə Tatarıstan Yazıçılar Birliyinin Abdulla Əliş mükafatı verilib. Robert Minnullin 1998-ci ildə “Küçtənəç” kitabına görə Abdulla Tukay adına Dövlət mükafatı alıb.