“Tekfen” orkestri Bakıda konsert proqramı ilə çıxış edib

İyunun 5-də Heydər Əliyev Mərkəzində “Tekfen” Filarmoniya Orkestri “100 il” adlı möhtəşəm konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

Klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq klassik musiqi nömrələri ifa edib. Gecədə Azərbaycan bəstəkarları Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

Dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızının solist qismində çıxışı gecəyə əlavə gözəllik qatıb.

Yüksək peşəkarlıq və eyni zamanda universal ifaçılıq üslubunu nümayiş etdirən kollektivin çıxışı salonda yüksək əhval-ruhiyyə yaradaraq hərarətli alqışlarla qarşılanıb.

Dirijor Аziz Şoxakimov jurnalistlərə müsahibəsində həmişə Azərbaycana gəlmək arzusunda olduğunu, Bakıda çıxış etməsindən məmnun qaldığını bildirib. Musiqimizə valeh olduğunu söyləyən dirijor hətta Azərbaycan rəqsi öyrənməyə başladığını vurğulayıb.

Kamança ifaçısı Mehri Arifqızı isə “Tekfen” Filarmoniya Orkestri ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə çıxış etməsindən şərəf duyduğunu deyib.

Qeyd edək ki, “Tekfen” Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.

Orkestrin ölkəmizdə ilk konserti 2003-cü il yanvarın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşıb.