Prezident İlham Əliyev iyunun 11-də Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi Xristian dini icmasına maliyyə yardımı ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşıb. Ölkədə müxtəlif mədəniyyətlərə, dinlərə və dini cərəyanlara mənsub insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları, eləcə də azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qorumaları üçün geniş imkanlar yaradılıb. Milli-mədəni rəngarənglik Azərbaycanın ümumbəşəri dəyərlər xəzinəsinə misilsiz töhfələrindəndir.