AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun həmmüəllifi olduqları “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” kitabı çapdan çıxıb.
Əlyazmalar İnstitutundan bildirilib ki, nəşrdə Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövr – Nadir şahın Bağdad yürüşləri araşdırılır. XVIII əsrin birinci yarısında Şərq dövlətləri arasındakı münasibətlər müstəvisində Əfşar-Osmanlı əlaqələri xüsusi diqqət çəkir. Nadir şahın diplomatiyası və dini islahat cəhdləri ikitərəfli münasibətlərin dostluq müstəvisinə keçməsi ilə nəticələnməsə də, bu iki türk dövlətinin yaxınlaşmasında ilk və mühüm addım kimi dəyərləndirilə bilər. Kitabda Nadir şahın yeni tapılmış ərəb dilindəki fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələri də yer alıb.
Nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimlidir. Əsərə filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov və tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli rəy veriblər.