Özbəkistanın ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub. Silsilə tədbirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşacaq.
Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatlarının nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.
Mərasimdə çıxış edən Səmərqənd Vilayət Hakimiyyəti başçısının müavini Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibətilə təbrik edib, xalqlarımız arasında dostluq əlaqələrindən danışıb. O, Səmərqənddə çoxsaylı tədbirlər keçirən və iki xalqın dostluğunu təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
AMM-in direktoru Samir Abbasov Xalq Cümhuriyyətinin 100 illiyinin dünyanın bir çox ölkələrində geniş qeyd olunduğunu diqqətə çatdırıb, Səmərqənddəki “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert, moda sərgisi, Azərbaycan filmlərinin nümayişi, Azərbaycan və özbək dillərində ölkəmizə dair Bakıda və Daşkənddə nəşr olunmuş kitabların şəhərin kitabxanalarına hədiyyə edilməsi mərasimi və s. tədbirlərin keçiriləcəyini bildirib.
Daha sonra Cümhuriyyətin 100 illik yubileyinə dair loqotipi özündə əks etdirən tort kəsilib və “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.
Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənniləri milli musiqimizi səsləndiriblər. Özbək musiqiçilər də Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhfələrini veriblər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
AMM-in nəzdindəki rəqs qrupları “Uzundərə”, ”Köçəri” və başqa rəqslərimizi təqdim ediblər.
Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulub, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid geyimləri sərgiləyiblər.