Tamaşaçı rəğbəti qazanmış teleserialın davamı olacaq
   
   Bir insanın ömür yolunda kəsişən çoxsaylı insan taleləri - sevgi, nifrət, ədavət, insanpərvərlik - həyatın hər döngəsində qarşımıza çıxa bilən hadisələrdə əks olunur... Pisliyi, yaxşılığı, yaxınlığı, uzaqlığı ilə hər birimizə təsir edən olaylar... Bizi birləşdirən dəyər, ayıran ədavət... Qəfil gəlib hər şeyi alt-üst edən, kiməsə xoşbəxtlik, başqasına bədbəxtlik gətirən tale adlı məfhum... Yola saldıqlarımızdan qalan xatirələr, gələnlərdən gözlədiyimiz xoşbəxtliyin xəyal dünyası... Bu gün gəldin dünyaya, bəlkə gəlişinlə həyat döngəsini döndün, gedişinlə həyat döngəsindən tərk edəcəksən dünyanı. Yerdə qalan ömrün boyu etdiklərin olacaq. Ya yaxşılıqların, ya pisliklərin...
   
   Tarix və həyatın döngələri

   
   İctimai Televiziyanın “Carçı film” studiyasında lentə alınan “Döngələr” çoxseriyalı bədii filmi bu yaxınlarda teleekranda nümayiş olundu. 15 seriyada maraqlı hadisələri əhatə edən film tamaşaçılar tərəfindən maraqla qarşılandı. Ekran əsərinin ssenari müəllifləri İsmayıl Ömərov və Rafiq Səməndər, quruluşçu rejissoru Cavid Təvəkküldür.
   Rafiq Səməndərlə görüşüb filmə tamaşaçı münasibəti, layihənin davamının olub-olmayacağı barədə fikirlərini öyrəndik. Hazırda yerli televiziya kanallarında çoxlu sayda serialların yayımlandığını deyən həmsöhbətim bildirdi ki, “Döngələr” süjet və mövzu baxımından onlardan fərqlənir: “Çoxlu sayda filmlərin, serialların çəkilməsini yaxşı qiymətləndirirəm. Lakin onların əksəriyyətinin süjet xətti oxşardır, məişət mövzusundan kənara çıxmır. “Döngələr”də isə tarix var, yaxın keçmişimiz var. Ən azından bu filmə baxan insan tarixə nəzər salmış olur. 80-ci illərin sonunda baş verən proseslər, insan taleləri, real həyat mənzərələri. Bütün personajlar - baş qəhrəmanlardan tutmuş ən xırda obrazlara qədər - real həyatda gördüyümüz, rastlaşdığımız insanların həyat hekayələrindən bəhrələnərək yaradılıb. Filmin nümayişi zamanı çoxlu sayda zənglər oldu, təbriklər gəldi. Tanınmış ziyalılar, sənət adamları da filmlə bağlı müsbət fikirlərini bildirdilər. Bu o deməkdir ki, film, onun mövzusu, süjeti tamaşaçıları maraqlandıra, diqqətini cəlb edə bilib”.
   
   “Döngələr”də gördüyümüz hadisələr
   
   Filmdə hadisələr 1989-1992-ci illəri əhatə edir. Hadisələr Azərbaycanın bölgələrinin birində cərəyan edir. Baş qəhrəman bu əyalətin rəhbəri - rayon partiya komitəsinin katibidir (aktyor Eldəniz Rəsulov). Film onun həyatından bəhs edir. O, namusla xalqına xidmət edir. Filmin mənfi qəhrəmanı Əliş (aktyor Abbas Qəhrəmanov) isə dələduzluqla məşğul olan bir qruplaşmanın üzvüdür. O, qarajda işləyir. Ətrafına özü kimi insanları yığaraq katibə qarşı çıxış edir və onun vəzifəsinə sahib olur. Bölgənin əsas problemi də bundan sonra başlayır. Katib isə yurdundan uzaq düşür.
   Filmdə ailə dramı, sevgi, kriminal xətt və s. süjeti çoxşaxəli etməklə yanaşı, tamaşaçını daim maraq içində saxlayır. Katibin oğlu ilə Əlişin qızı arasındakı sevgi macərası, katibin ailəsindəki problemlər, Əlişin dələduz qruplaşma ilə münasibətləri maraqlı məqamlarla yadda qalır. Klassik dramaturgiyası olan əsərdə xeyirlə şərin mübarizəsi gedir və sonda xeyir qələbə qazanır. Dələduzluqla vəzifə sahibi olan Əliş tezliklə əldə etdiklərini itirir. Əliş Rusiyaya gəlir və burada katiblə rastlaşır. Filmin sonunda Əliş öldürülür. Katib isə doğma yurduna geri dönür. Katibin oğlu Qarabağ müharibəsində iştirak edir, görmə qabiliyyətini və ayaqlarını itirir. Əlişin qızı sevgisinə sadiq qalaraq onun yanında qalır.
   Filmdə diqqətçəkən obrazlardan biri də katibin anasıdır (Sovqat Səmədova). O, müdriklik, səbir, uzaqgörənlik simvoludur. Film boyu sakit, evin içində başıaşağı oturub nəzarətçi kimi görünən nənə əslində hadisələri öncədən görür, duaları ilə ailə üzvlərinə dəstək olur. Ekran əsərinin əsas devizi odur ki, yaxşı insan istənilən situasiyada, bütün zamanlarda yaxşıdır. Raykom katibinin simasında bütün yaxşı insanların obrazı yaradılıb.
   Rafiq Səməndər filmin baxımlı alınmasında rejissor Cavid Təvəkkülün işini xüsusi qeyd etdi: “Obrazları yaratmaq bir çətinlikdirsə, ikinci məsələ düzgün kastinq etməkdir. Bu işdə rejissor seçimindən çox şey asılıdır. Əliş obrazına dərhal aktyor Abbas Qəhrəmanovu təsdiqlədik, katib obrazı üçün uzun zaman axtarışlar apardıq. Efirdə çox görünməyən, həmçinin mülayimliyi simasında bilinən bir aktyorun olmasını istəyirdik. Rejissor Əməkdar artist Eldəniz Rəsulovu təklif etdi və zənnimcə, çox uğurlu seçim oldu. Bir çox obrazları isə bölgə teatrlarının aktyorları canlandırdı”.
   Gələn il teleserialın davamının çəkilməsi nəzərdə tutulub. Ssenari müəllifi bildirdi ki, hadisələr bu günlərə gəlib çıxacaq və qəhrəmanların taleyi növbəti 15 seriyada davam edəcək, yeni personajlar da əlavə olunacaq.
   Əlavə edək ki, “Döngələr” çoxseriyalı bədii televiziya filminin quruluşçu operatoru Emin Rəhimov, rəssamlar Rövşən Mehdiyev, İbrahim Əminov, geyim üzrə rəssamı Məlahət Qafarzadə, qrimçi Eldar İsrafilov, səs rejissoru Samir Zahidov, bəstəkar Ayaz Qəmbərli, montajçı Elşad Rasimoğludur.
   Rollarda Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Yuri Baliyev, aktyorlar Rasim Cəfər, Qorqud Cəfərli, Sovqat Səmədova, Şahin Nəsirov, Sahibə Nəzərova, Kamran Ağabalayev, Aleksey Saprıkin, Səmimi Fərhad, Azər Cəfər və digərləri çəkiliblər. Çəkilişlər Qubada, Bakıda, İsmayıllının İvanovka kəndində, Türkiyə, Belarusda aparılıb.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar