“Yusif Yulduz hansı filmə çəkilirdisə, mütləq tamaşaçıya özünü sevdirirdi”
   
   Kino sənəti tariximizdə silinməz izlər qoyan, yeni nəslin yetişməsində xidmətləri olan kino xadimlərimiz, peşəkar sənətkarlarımızla hər zaman fəxr etmişik. Onların yaratdıqları obrazları - bəzən kiçik, epizodik rolları belə tamaşaçı özünə o qədər yaxın hesab edib ki, illərlə həmin obrazı, simanı unuda bilməyib. İllər ötsə də, filmlərdən bizə yadigar qalan obrazların səmimiliyi və müsbət aurası indi də ekrandan tamaşaçıya sirayət edir. Bu gün onları dərin hörmətlə yad edirik.
   
   Filmlərdə daha çox epizodik rollar oynayan, lakin canlandırdığı personajlar baş qəhrəmandan az sevilməyən, tamaşaçı yaddaşına əbədi həkk olan görkəmli aktyorlarımızdan Məmmədsadıq Nuriyev, Fazil Salayev, Kamil Məhərrəmov və başqalarını hər zaman ehtiramla yad edirik.
   Kino səmamızın belə sönməz ulduzlarından biri də Yusif Yulduz olmuşdur. O, 1905-ci ildə anadan olub. Rusiyada ali təhsil alan ilk sənətkarlarımızdan biri kimi adı mədəniyyət tariximizə düşüb. Leninqrad Səhnə Sənəti İnstitutunun rejissor və dram aktyoru fakültəsində təhsilini (1923-1928) başa vurduqdan sonra vətənə qayıdan Y.Yulduzun hazırladığı ilk tamaşa M.Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Vilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb. Sonralar - 1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləyib. Bir sıra filmlərdə çəkilib. Bir zamanlar sənətkarla çiyin-çiyinə çalışmış aktyor və rejissorlarımız bu gün Yusif Yulduzu nəcib insan və işinin peşəkarı kimi yad edirlər.
   Kinorejissor Elxan Qasımov sənətkarla bağlı xatirələrini bizimlə bölüşdü: “Azərbaycan kino sənətində elə insanlar var ki, yaratdıqları obrazlara əbədi möhür vurublar. Tamaşaçı həmin obrazları başqa bir aktyorun ifasında sadəcə təsəvvür edə bilmir. Bu aktyorlar rejissorların da sevimlisi olublar. Çünki məhz həmin istedadlı aktyorların yaratdıqları tipajlar və epizodik obrazların nəticəsində rejissorların filmləri yaddaqalan, baxımlı olur, tamaşaçı rəğbəti qazanır. Belə simalardan biri də görkəmli sənətkar Yusif Yulduz olmuşdur. Onun haqqında gözəl fikirləri mən ilk dəfə müəllimim, dahi rejissorumuz Adil İsgəndərovdan eşitmişəm. O, Yusif Yulduzu gözəl aktyor və böyük intellekt sahibi kimi xarakterizə edərdi. Onun özünəməxsus və qəribə bir ifa tərzi var idi. Hər zaman Yusif müəllim haqqında söhbət açılanda mütləq “Əhməd haradadır?” filmindəki obrazı (Yusif - red.) da yada düşür, xatırlanır. Filmdə kiçik epizodda görünsə də, ən yaddaqalan obrazlardan birini yaradıb, tamaşaçının yaddaşına yazılıb. Kinoda bir sıra komik obrazlar yaratsa da, həyatda çox ciddi insan idi. Bir insan, şəxsiyyət kimi hamı onu çox sevirdi. Xüsusən də biz cavanlar. O, dublyajda işləyəndə hər səhər işə gələrkən mütləq qoltuğunda qəzet olardı. Nə vaxt kefini soruşsan “əlayam” deyərdi. 73 yaşında vəfat etdi. O, rejissorların sevimli aktyoru idi. Hansı filmə çəkilirdisə, mütləq tamaşaçıya özünü sevdirirdi. Əgər aşpaz öz bişirdiyi yeməyə müxtəlif ədviyyatlar qatıb ona dad əlavə edirsə, Yusif Yulduz da rejissorların filmlərinin duzu-istiotu, ədviyyatı idi. “Alma almaya bənzər” və s. filmlərdə bunun şahidi oluruq. Biz onu həmişə bir müəllim-rejissor kimi tanımışıq, çoxlu tələbələri olub. Amma o, tamaşaçı yaddaşında daha çox mahir aktyor kimi qalaraq mədəniyyət tariximizə düşdü. Əfsus ki, rejissor kimi özünü tam təsdiqləyə bilmədi. Bəlkə də dövrün, həyatın nəbzini tuta bilmədi. Bu da təvazökarlığından irəli gəlirdi. Çox qayğıkeş və səmimi bir insan idi. 1978-ci ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin. O hər zaman xoş xatirələrlə anılmağa layiq sənətkardır. Çox sevindim ki, siz bu gün onu yad edirsiniz”.
   Yusif Yulduzla bir sıra filmlərdə tərəf-müqabili olan Əməkdar artist Ramiz Məmmədov da sənətkarı xoş xatirələrlə yada saldı: “Onunla “Alma almaya bənzər“ filmində (1975) tərəf-müqabili olmuşduq. O vaxt mən II kurs tələbəsi idim. Bir çox tanınmış aktyorlar da bu filmdə çəkilirdilər. Rayonda çəkilişlərimiz zamanı Yusif müəllimlə mən bir otaqda qalırdıq. Çox unikal insan idi. Dövrünə görə dünyagörüşü və təfəkkürü güclü olmaqla yanaşı, eyni zamanda həlim xasiyyətli və uzaqgörən idi. Yusif müəllimlə tanış olduğum illərdən xatirimdə iki mahnı yadigar qalıb. Bilirsiniz ki, o vaxtlar türk musiqisi yasaq idi. Yusif müəllim isə türkçülüyü, Türkiyəyə böyük sevgisi ilə seçilirdi. Onun hər zaman zümzümə etdiyi iki mahnıdan biri “Durnam” sonradan tanınmış xanəndəmiz Hacıbaba Hüseynovun repertuarında yer aldı. İkinci mahnı da yaddaşıma əbədi həkk olub və gözəl sözləri var. Mahnı “Başın üçün” adlanır - yəni, and mənasında. Bu gün də həmin mahnını hərdən özüm üçün zümzümə edirəm. Məncə, aktyor türkçülüyə meylli olduğundan özünə məhz Yulduz təxəllüsünü seçmişdi. Həmişə gənc aktyorlara yol göstərər, tövsiyələrini əsirgəməzdi. Yadımdadır deyərdi: “Səhnə həyatın bir parçasıdır. Aktyor təbii olmalıdır, real oynamalıdır. Həyatın özünü səhnəyə gətirmək böyük sənətkarlıqdır. Aktyor komik səhnələri yüngül oynamamalıdır. Bir var obrazı oynamaq, bir də yaşamaq”.
   Rəhmətlik həmişə bizə deyərdi ki, obrazı oynamağa yox, yaşamağa çalışın. Çox vaxt bizə azman aktyorlarımız Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə ilə bağlı xatirələrini danışardı. Daxili dünyası zəngin insan idi. Onun kimi sənətkarlar kino sənəti tariximizdə həmişə yaşayacaqlar. “Axırıncı aşırım”, “Bizim küçə”, “Koroğlu”, “Qərib cinlər diyarında” və s. filmlərdə ümumilikdə 20-dək maraqlı obraz yaradaraq tamaşaçı sevgisi qazanan Yusif Yulduzun xatirəsi kino ictimaiyyəti tərəfindən həmişə dərin ehtiramla yad edilir”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar