“Özbəkkino” Milli Agentliyi və Qırğızıstanın “Dan” prodüser mərkəzi Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”  povesti əsasında “Delbirim” adlı bədii filmin çəkilişinə başlayır. Filmdə tanınmış özbək və qırğız aktyorları Madina Talipbek, Elina Abayqızı, Adis Rajapov və Uluqbek Kadırov çəkilirlər.

Ekran əsərinin süjeti povestin əsasında qurulsa da, hadisələr bizim günlərdə baş verir. “Delbirim”in ssenari müəllifi Kerez Zarlıkov, quruluşçu rejissoru Sərvər Karimovdur. Premyeranın dekabrın 12-də - Çingizin Aytmatovun doğum günündə olacağı planlaşdırılır.

Filmin çəkiliş təşəbbüsü Özbəkistan tərəfinə məxsusdur. Uzun illər öncə Türkiyə kinematoqrafçılarının bu povest əsasında çəkdiyi “Selvi boylum, al yazmalım”  filmində baş qəhrəman Asel rolunda təkrarsız aktrisaTürkan Şoray çəkilib. Bir neçə il öncə isə Türkiyə telekanallarının birində əsərin motivləri əsasında “Ay yazmalım” serialı yayımlanmışdı.

GÜLCAHAN