İyunun 16-da Almatıda, dünyanın ən yüksək buz meydançası – “Medeu”da “Star of Asia” beynəlxalq musiqi festivalı başlayır. İki gün ərzində iştirakçılar ilə yanaşı tanınmış yerli artistlər, televiziya ulduzları və ictimai xadimlər festivalın qırmızı xalçasının üstü ilə addımlayacaqlar.

Amerikalı müğənni Anastasiya, Koreyanın “ASTRO” pop kollektivi, İran-İsveç müğənnisi Araş və Qazaxıstanı təmsil edən müğənni Erke Esmaxan “Star of Asia”nın hedlaynerləri (afişalarda adı birinci cərgədə yazılan sənətçi) elan edilib. Şouda Rusiyanın “Serebro”, Yaponiyanın “Pinochhio P feat. Hatsune Miku” qrupları, Özbəkistandan Sevara,  Azərbaycandan Dilarə Kazımova, Qırğızıstandan Jiydeş İdrisov, Hindistandan İşeeta Çakrvarti kimi tanınmış müğənnilər də festivalın qonağı olacaqlar.

Festival iştirakçıları alternativ və əlçatımlı enerji mənbələrinin axtarışına, şəhərlərin enerji təhlükəsizliyi və davamlı enerji təminatı problemlərinə diqqət çəkəcək beynəlxalq fleşmobda da iştirak edəcəklər. Tədbir canlı yayımla dünyanın 100-dən çox ölkəsində göstəriləcək.

Xatırladaq ki, açıq havada ilk “Star of Asia” festivalı 19-20 avqust 2017-ci il tarixində keçirilib. Festival məşhur “Aziya dauısı” Almatı musiqi müsabiqəsinin ən xoş ənənələrini davam etdirir.

G.MİRMƏMMƏD