Rasim Cəfər: “Daxilən ziddiyyətli qəhrəmanları oynamaq daha maraqlıdır”
   
   O, aktyorluğa gəlişini öncədən yazılmış tale adlandırır. Oskar Uayldın təbiri ilə həyatı qısa, sənəti isə əbədi hesab edir. Onun üçün oynadığı rollar daxilindəki “mən”in bir parçasıdır. Bu “mən” obrazdan obraza kiçilir və ya böyüyür. “Hər rolda aktyordan nə isə olmalıdır” - deyən Rasim Cəfər teatrda və kinoda maraqlı obrazlar canlandırır.
   
   “Ev”, “Qala”, “Yalançılar”, “Teatral həyat”, “Kuklalar”, “Əzizim Fellini”, “Ömürlük əsir”, “Döngələr” və s. ekran əsərlərindəki rolları ilə tamaşaçı rəğbəti qazanıb. Gənc Tamaşaçılar və “Yuğ” teatrlarında çalışan aktyor “Pəri-cadu” (Təlxək əcinnə), “Oliver Tvistin macəraları” (Cek cüvəllağı), “Məhv olmuş gündəliklər” (Qənimət), “Çəkməli pişik” (Pyer), “Tabu” (kiçik qardaş) və s. tamaşalarda maraqlı rollar oynayıb.
   Rasim Cəfər 1978-ci ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu ixtisası üzrə təhsil alıb. Tələbəlik dövründə Akademik Milli Dram Teatrının səhnəsində epizodik rollarla səhnəyə çıxıb. 1997-ci ildən “Dəli yığıncağı” pantomima teatr studiyasında çalışıb.
   
   - Rasim Cəfər aktyor olacağını heç düşünürdümü?
   - Təxminən 5-6-cı sinifdə oxuyanda məndə belə bir arzu yaranmışdı. Lakin yuxarı siniflərdə hüquqşünas olmaq qərarına gəldim. Amma həyat elə gətirdi ki, təsadüf nəticəsində aktyorluğa gəldim. Bəlkə də ən çox kinoya olan marağım məni bu sənətə gətirdi.
   - Müəlliminiz kim oldu?
   - Sənətdə üç müəllimim olub. İlk olaraq mənə bu sənəti aşılayan kurs rəhbərim Əliabbas Qədirov oldu. Utancaq idim və o məndə bu utancaqlığı “sındırdı”. Pantomima teatrında çalışdığım zaman Bəxtiyar Xanızadə mənə çox şeylər öyrətdi. “Yuğ” teatrında isə Vaqif İbrahimoğlu məktəbini keçdim.
   - Ən uğurlu rolunuz, sizcə, hansıdır?
   - Uğurlu rolumun hansı olduğunu dəqiq deyə bilmərəm, amma kinoya rejissor Asif Rüstəmovun çəkdiyi “Ev” qısametrajlı bədii filmi ilə gəlmişəm. Bu film mənə uğur gətirdi.
   - Bəs hansı rolları oynamaq istərdiniz? Kinoda və teatrda...
   - Teatrda Əmir Teymuru, Hamleti oynamaq istəmişəm. Hamlet mənim üçün müəmmalı personajdır. Kinoda isə daha çox psixoloji qəhrəmanları canlandırmaq istərdim. Bir müddət mən ancaq müsbət qəhrəmanları, çətinlikləri çiynində daşıyan mülayim insan obrazını canlandırırdım. Ampluamın olmasını istəmirəm. Daxilən ziddiyyətli qəhrəmanları oynamaq aktyor üçün daha maraqlıdır. Dünya kinosunda Robert de Niro, Al Paçino, Ralf Fayns kimi aktyorların canlandırdıqları mənfi qəhrəmanlara hər zaman xüsusi rəğbətim olub. Artıq bir neçə mənfi obraz da canlandırmışam.
   - Necə oldu ki, kino sizi tanıtdı? Sizcə, bunun sirri nədir?
   - Tez-tez mənə deyirlər ki, sən kinonu çox sevirsən. Təbii ki, mən teatrı da kinonu da sevirəm. Lakin daxilən kino mənə daha yaxındır. Mənə elə gəlir ki, kinoda özümü daha çox realizə edə bilirəm və yaxud bilərəm...
    - Təsəvvür edin ki, teatr və kino yoxdur. Sənətin digər növləri var. O zaman sənətiniz nə olardı?
    - Rəssamlıq. Uşaqlıqda rəsmlər çəkirdim. İndiyə qədər də rəssamlara həsəd aparıram. Məncə, onlar sənət adamı olaraq daha azaddırlar.
   - Sənətdə sağlam rəqabət sənətçini inkişaf etdirir. Kimlərlə rəqabətə girirsiniz, kimə çatmaq və ya onu ötmək istərdiniz?
   - Sağlam rəqabət sənət üçün, sənətçi üçün vacibdir. Azərbaycanda Qurban İsmayılovu kinoaktyor kimi yüksək qiymətləndirirəm. Fuad Poladov, Fəxrəddin Manafov və bir neçə rəğbət bəslədiyim aktyorlarımız var ki, mən uşaqlıqdan onların sənətinə pərəstiş etmişəm. Onlarla çəkilmək, onlardan öyrənmək mənim üçün məktəbdir.
   - Hazırda hansı filmə çəkilirsiniz? Hansı tamaşalarda oynayırsınız?
   - İlqar Fəhminin ssenarisi əsasında iranlı rejissor Babək Şirinsifətin çəkdiyi “Çaqqal nəfəsi” çoxseriyalı filmində Rəhim rolunu canlandırıram. Filmdə əsas rollardan biridir. Davakar, çılğın personajdır. Film boyu bir qadına kömək edir və sonda ona sevgisini bildirir. Həmçinin “Carçı film” studiyasının çəkdiyi “Qarabağnamə” çoxseriyalı televiziya filmində Mehdiqulu xan rolunu oynayıram. Hazırda hər iki ekran əsərinin çəkilişləri gedir. Teatrda isə bu yaxınlarda təhvil verdiyimiz “Pələng ili” tamaşasında əsas rollardan birini - Ağanı oynayırdım. O, əvvəl müəllim olub, sonra isə meşədə restoran açıb. Bəşəriyyəti, insanlığı düşünən bir obrazdır.
   - Seriallara da çəkilirsiniz. Seriallar aktyorun xilasıdır, yoxsa süqutu?
   - Yəqin ki, xilasıdır. Seriallar aktyora həm mütəmadi işləməyə, prosesdə, formada olmağa kömək edir, həmçinin maddi tərəfdən də yardımdır. Bu baxımdan ölkəmizdə milli serialların çəkilişinin başlanmasını müsbət hal kimi qiymətləndirirəm.
   - Sənətinizi nəyəsə dəyişərdiniz?
   - Yəqin ki, yox. Mənə elə gəlir ki, tale məni gətirib bu sənətə. Çünki başqa işdə işləyə bilməzdim.
   - Aktyor üçün önəmli olan nədir?
   - Aktyor üçün hər zaman stimul olmalıdır. Maddi və ya mənəvi... Xüsusən də mənəvi stimul...
   - Bir neçə xarici filmə də çəkilmisiniz...
   - 2008-ci ildə Rusiya rejissoru Anna Fençenkonun “İtkin düşmüş adam” bədii filmində cənublu obrazını canlandırmışam. Film bir çox festivallarda mükafat qazanıb. Almaniya-Azərbaycan istehsalı olan “Tabutçunun yelləncəyi” filmində (rejissor Elmar İmanov) Musa rolunu oynamışam. Ekran əsəri Amerika Kino Akademiyası tərəfindən “Ən yaxşı xarici qısametrajlı tələbə filmi” kimi bürünc “Oskar”la mükafatlandırılıb. Bu il İranda Nadir Sayever və Əli Taherfarın quruluş verdiyi “Ana yurdum” bədii filmində təbrizli Habil rolunu canlandırmışam.
   - Sonda nə demək istərdiniz. Arzunuz, istəyiniz...
   - Dahi alman dramaturqu Fridrix Şiller deyib ki, yaxşı aktyor üçün pis rol yoxdur. Arzu edirəm ki, Azərbaycan aktyoru hər zaman ən yaxşı rollarını oynasın. O, sevməyi bacarsın, mübarizə aparmağı bacarsın. Sənət naminə rəqabətə girsin.
   
   Söhbətləşdi: Reyhan İsayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar