Xəbər verildiyi kimi, rejissor Vahid Mustafayevin “Bakıfilm” studiyasında çəkdiyi “Xoca” filmi 35-ci beynəlxalq Qahirə kinofestivalında nümayiş etdirilib. Bu günlərdə Bakıdakı Misir Mədəniyyət Mərkəzində bununla əlaqədar tədbir keçirildi.
   
   Mərkəzin direktoru Mustafa Əbu Zeyd bildirdi ki, Qahirə festivalında 100-dən çox film nümayiş etdirilib. Onların arasında “Xoca” filmi tamaşaçıların böyük marağına səbəb olub. Ekran əsərinə baxmaq istəyənlərin sayı həddindən çox olduğundan qərara alınıb ki, film ərəb dilinə tərcümə edilsin. Dost ərəb xalqının Azərbaycanın Qarabağ müharibəsi ilə bağlı acılarını yaxşı başa düşdüyünü deyən direktor Misirin həmişə ölkəmizin haqq işini dəstəklədiyini vurğuladı. O, “Xoca” filminin rejissoruna Misir Mədəniyyət Mərkəzinin diplomunu təqdim etdi.
   Vahid Mustafayev onlara göstərilən diqqətə görə minnətdarlığını bildirərək bunu Azərbaycan kinosunun uğuru kimi qiymətləndirdi, ekran əsərinin lentə alındığı “Bakıfilm” kinostudiyasının fəaliyyətindən danışdı. Bildirdi ki, “Xoca” filmi Xocalıda həlak olan insanların xatirəsinə həsr olunub. Bundan öncə isə kinostudiyada Qarabağ problemindən bəhs edən “Yaddaş” filmi lentə alınıb. “Bakıfilm”də qısametrajlı ekran əsərləri, seriallar da çəkilib.
   Onun sözlərinə görə, Qahirə festivalında iştirak edən bir çox ölkələrin nümayəndələri “Xoca” filminə böyük maraq göstəriblər. Ekran əsərinin ərəb dili ilə yanaşı, başqa xarici dillərə tərcüməsi də nəzərdə tutulur. O, filmin çəkilişinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Müdafiə və Daxili İşlər nazirliklərinə minnətdarlıqlarını bildirdi. V.Mustafayev Qahirə festivalında Azərbaycan rejissoru Şamil Əliyevin “Çölçü” filminin də nümayiş olunduğunu nəzərə çatdırdı.
   
   Azərbaycan-Misir mədəni əlaqələri inkişaf edir
   
   Tədbirdən sonra Misir Mədəniyyət Mərkəzinin direktoru Mustafa Əbu Zeyd bizimlə söhbətində gələcək planlardan söz açdı. Bildirdi ki, mərkəz ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verməyə çalışır, müxtəlif tədbirlər təşkil edir. Ötən həftə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş konfrans keçirilib.
   Direktor fevral ayında Azərbaycan Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasında iki ölkənin gənc rəssamlarının əsərlərindən ibarət sərgilərin açılacağını dedi. Aprel ayında isə Bakıda ərəb ölkələri rəssamlarının beynəlxalq sərgisinin keçirilməsi nəzərdə tutulur. Filmlərimizin qarşılıqlı olaraq tərcümə olunması sahəsində də iş gedir. May ayında Bakıda Misir kino həftəsinin keçirilməsi gözlənilir.
   Həmsöhbətimin sözlərinə görə, 2013-cü ildən ölkələrimiz arasında birbaşa təyyarə reysləri həyata keçiriləcək ki, bu da əlaqələrimizin inkişafına, o cümlədən mədəni əməkdaşlığa əlavə zəmin olacaq.
   
   İ.Əsədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar