Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan “Azərbaycan hekayələri” kitabı Londonun Britaniya Kitabxanasında təqdim olunub. Tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, yazıçı və tədqiqatçılar iştirak ediblər.

Tərcümə Mərkəzindən bildirilib ki, kitabın redaktoru, ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson çıxışında dünyanın dini və irqi ayrı-seçkilikdən, sosial və siyasi ədalətsizlikdən yeganə xilas yolunun qarşılıqlı anlaşma və ədəbiyyatlararası mübadilə olduğunu vurğulayıb. Mərkəzin fəaliyyəti haqqında da tədbir iştirakçılarına geniş məlumat verən Anne Tompson qurumun rəhbəri, yazıçı Afaq Məsudun bu sözlərini sitat gətirib: “Böyük xilas yolunun müjdəçisi olan bu nəşr sevginin və mərhəmətin dialoqu üzərində qurulmuş qardaşlıq, doğmalıq abidəsidir”.

Daha sonra ədəbi tənqidçi Vesna Petkoviç, məşhur “EU Today” dərgisinin baş redaktoru Hari Qartrayt, tərcüməçi-şair Karolina Valton, “University College London” universitetinin elmi işçisi Sevinc Baxış, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov və digərləri çıxış edərək, kitabın ədəbi-bədii məziyyətləri barədə fikirlərini bölüşüblər. Tədbir kitaba daxil edilmiş əsərlərdən parçaların səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən kitaba 24 yazıçının – Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Seyran Səxavət, Saday Budaqlı və başqa müəlliflərin hekayələri daxil edilib. Kitabın ön sözünün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.