Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə “Voice of Astana” (“Astananın səsi”) Beynəlxalq estrada musiqi müsabiqəsi keçirilib.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən  müsabiqədə ölkəmiz də təmsil olunub.

Beynəlxalq müsabiqədə Azərbaycanın Əməkdar artisti, opera sənətçisi İlham Nəzərov 3-cü yeri qazanıb.

Birinci turda İlham Nəzərov Toleqen Muxametjanovun Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələdiyi “Astana mənim şəhərim” (“Qorod moy Astana”) mahnısını ifa edib.

Müsabiqəyə İtaliya, Böyük Britaniya, Çin, Gürcüstan, Tatarıstan, Hindistan, Rusiya, Bolqarıstan, İsrail, Özbəkistan, Qırğızıstan, Estoniya və Türkiyədən iştirakçılar qatılıb.