Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınır. 1905-1920-ci illərdə İranda və Azərbaycanda baş verən tarixi hadisələrin canlı şahidi olmuş ədib illər sonra bu hadisələri “Gizli Bakı”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər” kimi əsərlərində əks etdirib.

Yazıçının geniş oxucu kütləsi tərəfindən bəyənilən “Qılınc və qələm” romanında böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövr, Azərbaycan ədəbi mühiti hərtərəfli əks olunub. Romanda Nizami Gəncəvi ilə yanaşı, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əbül-Üla Gəncəvi kimi söz ustadlarının da bədii surətləri yaradılıb.

Ordubadinin “Qılınc və qələm” romanı Mədəniyyət Nazirliyinin dəstəyi və “Zengin Yayıncılık” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində bu yaxınlarda türk dilində nəşr edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

Qeyd edək ki, layihə üzrə indiyədək 10 adda Azərbaycan ədəbiyyatı nümunəsi Türkiyədə çap olunub.