Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalq “Burabay Yay Festivalı” (“Burabay Summer Fest”) keçirilib.

2 iyun – 3 iyul tarixlərində keçirilən festivalda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Çin, Belarus, Özbəkistan və Qırğızıstandan 300-dən çox gənc istedad iştirak edib.

Festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fortepiano), Zakir Allahverdiyev (qoboy) və Fizzə Vəlizadə (kamança) təmsil edib.

Festival günlərində əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar, birgə konsertlər təşkil olunub. Təmsilçilərimiz festivalda konsert proqramı ilə çıxış ediblər.

Festivalın yekunu olaraq Astana şəhərindəki 3500 yerlik “Qazaxıstan” Mərkəzi konsert zalında qala-konsert keçirilib. Gənc pianoçu Nərgiz Əliyeva qala-konsertdə müxtəlif ölkələrin nümayəndələrinin birləşmiş ansambllarının tərkibində çıxış edib. Tədbirin yekununda Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkəmizin nümayəndələrinə təşəkkür məktubu, diplom və xatirə hədiyyələri təqdim edilib.