Parisdə keçirilən “Haute Couture” dəb həftəsində Azərbaycanlı modelyer Günel Rüstəmovanın “Gyunel Couture” moda evi yaz-yay kolleksiyasını təqdim edib.
“Vestin” hotelində təşkil olunmuş təqdimatda Günel Rüstəmovanın kolleksiyası böyük maraqla qarşılanıb.
Azərbaycanlı rəssam və dizaynerin Paris moda həftələrində iştirakı ənənəyə çevrilib. O, incəsənət, tarix və mədəniyyətimizdən ilhamlanaraq çəkdiyi rəsmləri sonra moda dizaynına çevirərək unikal kolleksiyasını yaradır.
Modelyerin adətən tutqun və açıq rənglərin qarışığından ibarət kolleksiyasında bir-birinə dolaşmış mirvari, metal sap texnikasından istifadə edilən və yarımşəffaf parçalardan hazırlanmış nadir geyimlər unikallığı ilə göz oxşayır. Gümüşü, boz, bürünc, nanə yaşılı və çəhrayı, qızılı rəngin palitrası ilə zəngindir.
G.Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini Böyük Britaniyada alıb. London Kollecində modelyerlik, daha sonra “Central Saint Martins”də incəsənət və moda sənayesi ixtisasını bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib. Avropada tanınmış modelyerlərdən biridir. Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları bir çox moda şoularında nümayiş olunub. Bununla yanaşı, o, rəssam kimi də fəaliyyət göstərir.