“Hər kəs hazır! Çəkirik!” Rejissorun amiranə səsi ilə kamera hərəkətə gəlir, səhnə növbəti dublda lentə alınır. Bu dəfə kinolentə köçürülən sadəcə ssenari və ya bədii əsərdən epizod deyil, sözün həqiqi mənasında tarixin bir səhnəsidir.
   
   Pavilyona daxil olanda ilk gördüyümüz mənzərə də tarixdən bir parça idi. Taxt-tac, üzərində sənədlər olan masa, lələkli qələmlər, naxışlı mütəkkələr, xalçalar, zər-ziba geyimli aktyorlar. İçəridəki sakitliyi isə “Çəkdik! Stop!” sözləri pozdu. Qrim ustası aktyorun, operator kameranın, işıqçı işığın üzərinə qaçaraq düzəlişlər edirdi. Rejissor isə çəkiləcək növbəti kadrda kimin nə edəcəyini, hansı rakursdan çəkilişin ediləcəyini, aktyorun hansı vəziyyətdə olacağını başa salırdı. Deyəsən, növbəti kadr üçün hər şey hazırdır. “Diqqət! Hamı kənara çəkilir, tam sakitlik! Başlayırıq!”
   Beləliklə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əzəli yurd yerimiz olan Qarabağın tarixindən, daha doğrusu, bu tarixin təxminən bir əsrə sığan dövründən - Qarabağ xanlığının salnaməsindən bəhs edən çoxseriyalı bədii televiziya filminin çəkilişləri başlanıb. İctimai Televiziyanın “Carçı film” studiyasının lentə aldığı ekran əsəri tarixi faktların zənginliyi, tarixi məqamların bədii həlli ilə yadda qalacaq.
   Filmin quruluşçu rejissorlarından biri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov filmdə Qarabağ xanlığının tarixinin mərhələlərlə əks olunduğunu bildirdi: “Azərbaycanın bu gün ən yaralı yeri Qarabağ haqqında tarixi film çəkmək olduqca məsuliyyətli işdir. Filmin ideya müəllifi İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovdur. Ssenari müəllifləri İsmayıl Ömərov və Elman Qədirlidir. Bu, böyük layihədir və rejissor Cavid Təvəkküllə birlikdə uzun zamandır ki, hazırlıq işləri aparırıq. Tarixi film olduğundan hər səhnəyə dəfələrlə baxılıb, dəyişikliklər edilib. Filmin ssenari müəllifləri ilə birgə çalışırıq ki, təhriflərə yol verməyək. İrimiqyaslı ekran əsəri olduğundan o dövrün koloritini vermək o qədər də asan deyil. Mövzu elədir ki, yaxşı götür-qoy edib iş görməliyik. Məsləhətçi tarixçilərimiz var. Mübahisə yarandığı zaman onlarla məsləhətləşirik. Bir daha göstərməyə çalışırıq ki, Azərbaycanın başına gələn bəlaların kökü vaxtilə Qarabağ xanlığında yaşanan faciələrdən başlayıb. Çalışacağıq ki, film tamaşaçı üçün də maraqlı olsun. Çoxseriyalı ekran işi olduğundan tamaşaçı marağını saxlamaq mütləqdir. Buna görə də bədii, obrazlı formada tarixi faktları tamaşaçıya çatdırmaq istəyirik”.
   Filmin digər quruluşçu rejissoru Cavid Təvəkkül aktyor seçiminin uzun zaman aparıldığını bildirdi: “Çalışırıq ki, yeni simalara üstünlük verək. Həmçinin daha inandırıcı simaların olması üçün bir neçə dəfə yoxlama apardıq. Hətta çəkiliş prosesi dövründə bəzi aktyorları dəyişdik. Bəzən aktyorlar da bundan inciyirlər. Biz sadəcə səhv etmək istəmirik. Səhv etməyə ixtiyarımız yoxdur. Tarixiliyinə, bədii həllinə, həmçinin texniki tərəflərə görə cavabdehlik bizim üzərimizdədir. “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi bizə çox köməklik etdi. Pavilyon, işləmək üçün otaqlar ayrıldı. Kinostudiyanın direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm. Dekorasiyanın qurulmasında isə rejissor Eldar Quliyev yardımçımız oldu. Bildiyiniz kimi ötən il o, “Dərvişin qeydləri” bədii filmini çəkib. O film də tarixi olduğundan bizə dekorasiyada köməyini əsirgəmədi”.
   
   Filmin süjet xətti böyük tarixi dövrü əhatə edir

   
   Film xanlığın yaranmasından süqutuna qədər olan tarixi dövrü (XVIII əsrin 40-cı illərindən XIX əsrin 20-ci illərinədək) əhatə edir. Hər xanın hakimiyyəti dövründə baş verən əsas hadisələr önə çəkilir. Xanlığın yürütdüyü siyasət, qonşularla münasibət, siyasi məsələlərin ailəyə, saraydaxili münasibətlərə təsiri göstəriləcək. Filmdə tarixdən tanıdığımız simalar, tarixi qəhrəmanlar canlandırılıb.
   Rejissor B.Osmanov: “Xanlığın yaradıcısı Pənahəli xan, onun davamçısı, oğlu İbrahimxəlil xan və digərləri tarixdən, bədii əsərlərdən tanıdığımız, tamaşalarda gördüyümüz qəhrəmanlardır. Bu filmdə onların taleyi göstərilir. Lakin burada bir yanaşma olacaq. Bir növ onların etiraf etmə imkanı yaranacaq ki, nəyi səhv ediblər, nəyi düz. Düşünürəm ki, bizim tarixi qəhrəmanlara, nəhayət, indi imkan verildi ki, olduqları kimi göstərilsinlər”.
   Filmin çəkilişləri pavilyon və naturada aparılacaq. Quba, Şəki və Gürcüstanda çəkilişlər nəzərdə tutulub. C.Təvəkkül deyir ki, bəzi səhnələrin çəkilməsi üçün havaların isinməsini gözləməli olacaqlar. Ona görə aprel ayına kimi çəkilişlər davam edəcək.
   Filmin ikinci rejissoru Kamran Ağabalayev bildirdi ki, filmdə döyüş səhnələri də yer alacaq: “20 minlik ordunun döyüş səhnələrini izləyəcəksiniz. Xüsusi kaskadyorlar tərəfindən döyüş səhnələri hazırlanır. Həmçinin kompyuter qrafikası imkanlarından istifadə edəcəyik. Hətta deyərdim, qrafik təsvirlər filmdə önəmli yer tutacaq. Texniki avadanlıqlarımız müasir standartlara tam cavab verir. Əminəm ki, tamaşaçı Azərbaycan tarixi haqqında çəkilən filmi maraqla izləyəcək”.
   Çəkiliş prosesində lokal səsyazmadan istifadə edilir, yəni dialoqlar canlı səslə lentə alınır. Bu da hadisələrin daha real, canlı təsvirinə imkan verir.
   
   Qarabağın xanları da danışdılar

   
   Qarabağın ikinci xanı İbrahimxəlil xan obrazını canlandıran aktyor Elşən Rüstəmov tarixi filmdə böyük həvəslə çəkildiyini bildirdi: “Öz tariximizi canlandırmaq aktyor üçün də maraqlıdır. Çalışıram ki, İbrahimxəlil xanı bir insan kimi düzgün canlandırım. Onun yürütdüyü siyasəti əsas tutaraq insani keyfiyyətlərini aça bilim. İbrahimxəlil xan Qarabağın tarixində böyük sima olub. Xanlığın yaradıcısı, atası Pənahəli xandan sonra hakimiyyətə gəlib və xanlığı daha da genişləndirib. Qonşu xanlıqlarla iqtisadi əlaqələr qurub, ağıllı dövlət başçısı olub. Filmdə İbrahimxəlilin uşaqlığından ölümünə qədər olan dövr təsvir edilir. Mən də cavanlıqdan başlamış ölümünə qədər bu obrazı canlandırıram. Sui-qəsd nəticəsində onu və ailəsini öldürürlər. Bütün bunlar filmdə əksini tapıb”.
   İbrahimxəlil xandan sonra hakimiyyətə gələn oğlu Mehdiqulu xanı canlandıran aktyor Rasim Cəfər yaratdığı obrazın xarakterindən danışdı: “Mehdiqulu atasının ölümündən sonra hakimiyyətə çar Rusiyası tərəfindən gətirilir və onu Rusiya yönlü siyasət aparmağa bir növ məcbur edirlər. Burada onun ailədaxili münasibətləri də göstərilir. Mehdiqulu xan Azərbaycanın məşhur şairəsi Xurşudbanu Natəvanın atasıdır. Tarixi qəhrəmanı canlandırmaq çox məsuliyyətli işdir. Çalışmalısan ki, qəhrəmanı tanıyasan və daha sonra oynaya biləsən”.
   “Qarabağnamə” bədii televiziya filmi 9 seriyadan ibarət olacaq. 2013-cü ilin ikinci yarısında ekranlara çıxması nəzərdə tutulub.
   Filmin baş operatoru Emin Rəhimov, quruluşçu rəssamı Əziz Məmmədov, qrim ustası Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, bəstəkarı Ayaz Qəmbərlidir.
   Rollarda əməkdar artistlər Qurban İsmayılov (Pənahəli xan), Elşən Rüstəmov (İbrahimxəlil xan), Abbas Qəhrəmanov (Çələbi xan), aktyorlar Rasim Cəfər, Kəmalə Hüseynova, Təvəkkül Əliyev, Novruz Cəfərov, Tunay Əliyeva, Azər Aydəmirov və digərləri çəkilirlər.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar