“LİBRAFF Park Akademiya” kitab mağazasında “İrəvanın tarixi mərkəzi arxiv materialları və köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub. Nəşr Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb.

Layihənin rəhbəri, Prezident Administrasiyasının bölmə müdiri, politoloq Fuad Axundov təqdimat mərasimində bildirib ki, kitabda Orta əsrlər İrəvan qalasının timsalında indiki Ermənistan ərazisindəki Azərbaycanın İslam mədəniyyəti və memarlıq abidələrinin məhv edilmiş nümunələri haqqında məlumatlar yer alıb. İrəvanın məhv edilmiş tarixi mərkəzində 800-dən çox tikili, məscid, saray, karvansara, hamam və digər ictimai binalar yerləşirdi. Kitabda İrəvan qalasının və İrəvan xanlarının Gürcüstanın Milli Muzeyində saxlanılan mebel, qab və digər əşyalarının fotoları təqdim edilib. Həmçinin rus fotoqrafiyasının pioneri, şərqşünas D.İ.Yermakovun (1845-1916) çəkdiyi unikal şəkillər, İrəvan qalasının görkəminə valeh olmuş çar II Nikolayın tikilinin bərpa edilməsi haqqında arxiv sənədləri və yazışmalar yer alıb.

Kitab-albomun tərtibçisi – Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov nəşrin ərsəyə gəlməsi barədə danışıb. Bildirib ki, nəşrin hazırlanmasında məqsəd bu mövzuya ictimaiyyətin, alimlərin diqqətini cəlb etməkdir. “Sovet hakimiyyəti qurulduqdan sonra İrəvan şəhəri üçün baş plan qəbul olunub. Həmin plana əsasən, şəhərin tarixi mərkəzi, İrəvan qalası və ona aid tikililər sökülüb. Biz bilirik ki, hansısa şəhərdə tikinti aparılanda əsas məqsədlərdən biri onun tarixi mərkəzini qorumaqdır. Tarixi mərkəz Bakıda var – İçərişəhər, Moskvada var, Tiflisdə var. Yəni, bütün dünyanın şəhərləri öz qədim mərkəzləri ilə öyünür. Amma hazırkı İrəvan şəhəri bundan məhrumdur. Çünki orada Azərbaycan və İslam dini mədəniyyəti, bu mədəniyyətin memarlığı mövcud idi. Bu, dağıdılıb. Yermakovun fotoları dağıdılmış bu mədəniyyət, tarixi-memarlıq abidələrinin hansı millətə məxsus olmasına ən gözəl sübutdur”, - deyə R.Hüseynov qeyd edib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov, 1981–1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin əməliyyat məsələləri üzrə müavini olmuş polis general-mayoru Kamil Məmmədov, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Aytən Mustafazadə və başqaları Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaranma tarixindən, azərbaycanlı əhalinin məruz qaldığı etnik təmizləmədən söhbət açıblar.

Sonra İrəvana aid tarixi fotoşəkillərdən ibarət slaydlar nümayiş olunub.

Layihə Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze və muzeyin baş kuratoru, professor Eldar Nadirzadənin köməyilə həyata keçirilib.