Kinorejissor Məcid Məcidi: “Hər bir sənətkar öz ölkəsinin tarixini, ədəbiyyatını, musiqisini bilməlidir. Yalnız bu zaman ortaya yaxşı film çıxarmaq olar”
Ötən həftə ölkəmizdə İran mədəniyyəti günləri keçirildi. Tədbir çərçivəsində qonşu ölkənin incəsənət ustalarının iştirakı ilə konsertlər təqdim edildi, sərgi, film və tamaşa nümayiş olundu.
Məşhur iranlı kinorejissor Məcid Məcidi ilə onun quruluş verdiyi və ssenari müəllifi olduğu “Məhəmməd: Allahın elçisi” filminin Nizami Kino Mərkəzində təqdimatından öncə həmsöhbət olduq.
- Məcid bəy, Bakıya ilk səfərinizdir və təəssüratlarınız maraqlıdır...
- İlk olaraq onu qeyd edim ki, qonaqpərvərliyə və səmimi qarşılanmaya görə bütün Azərbaycan xalqına minnətdaram. Qonşu olsaq da, təəssüf edirəm ki, bu illər ərzində Azərbaycana səfər etmək imkanım olmayıb. Ətrafımda olan insanlar, yaxınlarım və dostlarım Bakıya səfərlərindən bəhs edirdilər və bu gün onların təriflərinin əbəs olmadığına şahidlik etdim.
- Bildiyimiz qədəri ilə, kinoya teatrdan gəlmisiniz...
- Bəli, əslində mənim əsl sahəm teatrdır və sənəti də teatrdan sevmişəm. İranda təhsil almışam və təhsilim inqilab dövrünə təsadüf edir. Həmin hadisələr mənim yaradıcılığıma təsirsiz ötüşməyib. Teatrdan kinoya gəlməyimin səbəbi kinoda sənətin daha azad olmasıdır. İlk olaraq kinoya aktyor kimi gəldim və sonralar rejissor kimi fəaliyyətə başladım. Heç zaman aktyor olmaq arzusunda olmamışam. Aktyorluq mənim üçün təcrübə qazanmağa pillə idi. İlk tammetrajlı filmimi 1992-ci ildə çəkdim.
- Filmlərinizin çoxunun əsas qəhrəmanı uşaqlardır...
- Bəli, mənim filmlərimin mövzusu uşaqlar və təbiətdir. Uşaqların dünyası böyüklərin dünyasından daha təmizdir. Bəzən biz böyüklərin görə bilmədiyini uşaqlar daha tez hiss edir və duyurlar. Öz filmlərimdə həyatım boyu müşahidə etdiklərimi cəmiyyətə çatdırmaq istəyirəm. Çalışıram filmlərdə hər dəfə bir insan taleyi görünsün, hadisələr xalqın içində baş verənləri təsvir etsin. Belə demək mümkünsə, avtobioqrafik səhnələrdən yayınmıram. “Cənnətin uşaqları” filmini İran Astarasında lentə aldım. Bu ərazi elə özümün doğulduğum, uşaqlığımın məkanıdır. Son işlədiyim film isə “Buludların o tərəfində” adlanır. Onu Hindistanda lentə almışam və filmin bütün heyəti hindistanlılardan ibarətdir. Ümid edirəm ki, bu film Azərbaycanda da nümayiş olunacaq.
- Sizcə, yaxşı film çəkmək üçün əsas şərtlər hansılardır?
- Bu suala cavab vermək bir az çətindir. Məncə, ilk növbədə müxtəlif məktəbləri dərindən bilmək, tanımaq mütləqdir. Çoxlu romanlar oxumaq insanı rejissor edə bilməz, insanı rejissor edəcək əsas amil həyat təcrübəsidir. Sənət adamı düzgün yaşamalı və müşahidə qabiliyyətinə malik olmalıdır. Hər bir sənətkar öz ölkəsini yaxşı tanımalıdır. Onun tarixini, ədəbiyyatını, musiqisini, mədəni irsini bilməlidir. Yalnız bu zaman ortaya yaxşı film çıxarmaq olar. Çünki rejissorun bütün bu bilikləri onun filmində əks olunacaq. Amma onu da qeyd edim ki, yaxşı sənətkar olmağa mane olan amillər də var. Bu amillər pul, şöhrət, təkəbbür və digər mənfi keyfiyyətlərdir. Yaxşı sənətkar olmaq istəyən bunlardan keçməlidir.
- Dünya kinosunda sevdiyiniz məktəb hansıdır?
- İtalyan, eləcə də klassik Amerika, xüsusən də Con Fordun filmlərini sevirəm. Çalışıram çəkdiyim filmlərdə onun istifadə etdiyi landşaftlardan yararlanım. Etiraf edim ki, onun təcrübəsindən yetərincə bəhrələnmişəm. Gənc kino mütəxəssislərinə məsləhətim budur ki, müasir texnologiyanın imkanlarına aldanıb təbiətlə işləməkdən yan keçməsinlər. Biz müasir texnologiyanın deyil, o bizim ixtiyarımızda olmalıdır. Müasir texnoloji yeniliklərlə ərsəyə gəlmiş təsvirlərdə, kollaj filmlərdə ruh olmur.
- Bir qədər də “Məhəmməd: Allahın elçisi” filmindən danışaq. Söhbətləriniz zamanı qeyd etdiniz ki, bu filmlə Avropa və Qərbin yaratmaq istədiyi “qorxulu İslam” anlayışını dağıtmaq və bu dinin əsl mahiyyətini, peyğəmbərimizin həqiqi məramını dünyaya çatdırmaq istəyirsiniz. Bu filmlə İslamın sülh və qardaşlıq dini olduğunu bəyan edə bildinizmi?
- Biz bu gün dünyada çox qeyri-bərabər şəraitdə yaşayırıq. Qərbin Şərqə və İslama baxışları birmənalı deyil. Dünyanın bir çox qərbli ziyalıları “Məhəmməd: Allahın elçisi” filmini boykot ediblər. Ancaq buna baxmayaraq, Şərqdə, həmçinin Avropada bu filmi izləyən insanların baxışları, fikirləri çox müsbət oldu. Film Amerikada, Kanadada və əksər Avropa ölkələrində nümayiş olunub və çox müsbət qarşılanıb. İslam dünyasında bizim iki cəbhə ilə problemimiz var. Biri Qərb cəbhəsidir ki, İslamın əsl çöhrəsinin göstərilməsinə qarşıdır. Onlar dinimizi zorakılıqla, terrorla bərabər tutmaq istəyirlər. Təəssüf ki, ikinci cəbhə isə İslam dünyasının özündədir. Qərb cəbhəsi ilə müqayisədə bu daha ürəkağrıdıcı haldır. Qurani-Kərimdə də deyildiyi kimi, “Onlar Allahın nurunu söndürə bilməzlər”. “Allah yerlərin və göylərin nurudur” fikri bütün aləmi əhatə edən bir həqiqətdir. İnanıram ki, bu həqiqət getdikcə öz yolunu açacaq.
- Bəzi müsəlman ölkələrində bu film qəbul edilmədi. Maraqlıdır, filmə şərait yaratmaq istəyən İslam ölkələri oldumu?
- Əfsus ki, rəsmi olaraq özünü müsəlman adlandıran bir çox dövlətlər bu filmi dəstəkləmədi. Hətta elə oldu ki, razılıq verən dövlətlər sonradan fikirlərini dəyişdilər. Peyğəmbər haqqında çəkdiyim bu film okeanda bir damla kimidir. Bütün dünyada peyğəmbərlər haqqında çəkilmiş filmlərlə bağlı bir statistikanı açıqlamaq istəyirəm. Həzrət İsa haqqında 200, Həzrət Musa haqqında 120-yə yaxın, Budda haqqında 42, digər peyğəmbərlərin həyatından isə 70-dək film çəkilib. Lakin İslamın peyğəmbəri haqqında cəmi iki film var. Biri təxminən 40 il öncə çəkilib. Təbii, bu statistikanın nəticəsidir ki, İslam dünyasının qəflətdə olmasından istifadə edən Qərb dünyası dinimizin həqiqi olmayan simasını ortaya qoyub. Mən bunun günahını Qərbdə yox, özümüzdə görürəm. İslam ölkələrinin əhalisi, din və dövlət xadimləri İslamın həqiqi simasını göstərməyə yetərincə çalışmırlar. Bu hal göstərir ki, Məhəmməd peyğəmbərin tanıdılmasında nə qədər az iş görülüb. Məncə, bütün dünyada mənəvi-əxlaqi böhranın yaşandığı bir dövrdə peyğəmbərin əxlaqını təbliğ etməklə bunun qarşısını almaq olar. Onu tanıtdırmaqdan ötrü çoxlu filmlər çəkilməlidir.
- Azərbaycanda keçirilən İran mədəniyyəti günlərini bir-birimizi daha yaxından tanımaq baxımından necə qiymətləndirirsiniz?
- İran mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının əlaqədar qurumlarına minnətdarlığımı ifadə edirəm və belə qarşılıqlı tədbirləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu görüşlərdən sonra həm mədəniyyətin digər sahələrində, həm də İran və Azərbaycan kinosu arasında daha sıx tellər yaranacaq.
Lalə AZƏRİ