Avstriyalı rejissor Mixael Hanekenin «Sevgi» filmi 2012-ci ildə Kann kinofestivalının baş mükafatını alıb, bu günlərdə Amerikada 2013-cü ilin “Qızıl Qlobus”una (“Əcnəbi dildə ən yaxşı film”) layiq görülüb və kino ilinin əsas mükafatına - “Oskar”a iddiaçılar sırasındadır.
   
   Bəlkə də bu ad altında istənilən film pafoslu və ya uydurma görünərdi. Amma bu yox. Hanekenin «Sevgi»si adi, uzun və dözülməz dərəcədə həyati kadrlarla tamaşaçını susdurur, baxmağa və özünə qapılmağa məcbur edir. Bu adi qocaların həyatından, həm də ömrün ən “həyatsızlaşan” vaxtından qoparılmış epizodların içində sevgini necə görəcəklər? Bu sevgi o qədər dərində gizlənib ki, onu tapıb göstərmək, dilə gətirmək çətindir.
   Qoca ər və arvad - Jorj və Anna Loranlar təqaüdə çıxıblar. Musiqini sevirlər (gərək ki musiqiçidirlər). Film onların konsertdə olması ilə başlayır. Evə gəlirlər və dialoqlardan, davranışlardan onların bir-birinə incəlik və sevgi hissini itirmədiklərini təxmin edirsən. Onlar nə qədər qocalsalar da, qadın və kişi kimi özlərini qoruyublar - Jan Lui Trentinyan (Jorj) və İmmanuel Riva (Anna) bunu çox əla çatdırır. Sonra Anna insult keçirir və bədəninin yarısı iflic olur. Artıq onun yemək, ayağa qalxmaq, danışmaq üçün kiməsə ehtiyacı var. Jorj arvadına bacardığı qədər kömək edir, onun qulluğunda durur. Qadının sağalmayacağını, bu həyatla əzab çəkdiyini görüb ümidsizləşir və yatağındaca onu yastıqla boğur...
   Kim daha çox əzab çəkir - ərinə yük olmaqla, gün-gündən fiziki anlamda yenilməklə məhv olan Anna, yoxsa onun iztirablarına baxa-baxa, sevdiyi adamın hər gün həyata dair daha nələrsə itirdiyini görə-görə yaşayan Jorj? Bilmək çətindir. Jorj Annanı boğur və sonra onun əyninə ən gözəl geyimini geyindirir, çiçəklərlə ətrafını bəzəyir. Və sevgini, bağlılığı yazılı surətdə görürük - Jorj arvadından sonra yaşadığı hər hadisəni onunla bölüşür - məktub yazmaqla. Ölənə məktub yazmaq...
   Finalda rejissor tamaşaçını Jorjun hallüsinasiyasi ilə çaşdırır - çarpayıya uzanan Jorj mətbəxdən səs eşidir ora daxil olanda Annanın qabları yuduğunu, əvvəlki kimi ayaq üstə və sağlam olduğunu görür. Onlar geyinib evdən çıxırlar. Ev boş qalır. Bəlkə bu hallüsinasiya deyil? Bəlkə Jorj əzab çəkən, xəstə Annanı boğub, həyatından çıxarıb. İndi isə öz Annası ilə gəzməyə çıxır? Yenə bilmək olmur. Haneke tamaşaçısını qocaların həyat ritminə elə kökləyir ki, “qoca olmaq nədir?”, “sevgili olmaq nədir?”, “ömrün sonuna nəyi qalır insanın?” soraraq cavablara yaxınlaşırsan.
   Filmin çəkiliş prosesindən bir şəkil var. Trentinyan, River və Haneke iş prosesində bu kadra düşüblər. Üç qocanın sevgi barədə filmi. Haneke və ya qeyri rejissor belə bir filmi məhz bu yaşlarda çəkə bilərdi. Bu yaşda onlar bir-birini daha yaxşı anlayırlar.
   Filmdə Anna fotoalboma baxıb «gözəldir” - deyir - “həyat gözəldir». Amma indiki zamanda deyilmiş cümlə kontekstdən asılı olaraq keçmiş zamanda səslənir. Həyat artıq uzaqlaşmadadır. Jorj pəncərədən otağa düşmüş göyərçini bu uzaqlaşan həyatı bir anlıq əlində hiss etmək həvəsi ilə tutur. Hər şey təsəllidir. Musiqi də, sözlər də, onlara təşəkkür məktubu yazan pianoçu şagirdləri Aleksandrın məktubu kimi təəssüf və təsəllidən başqa bir şey deyil. Bu əzabı qocalar hər ikisi hiss edir və ən dəhşətlisi bu deyil, ən dəhşətlisi hər ikisi bir-birinin bu əzabı hiss etdiyini bilir...
   Təsəlli olmağa yarayan, həyatın qoparıb apara bilmədiyi bircə şey var - bu, sevgidir. Ayağını sürüyən qocaların günlərini bir tamaşaçı üçün cazibədar, maraqlı edən sevgi.
   Kamera (operator Darius Xondji) qocafəndi hərəkət edir - yavaş-yavaş, təmkinlə. Montaj da eyni tempi saxlayır. Bunlar hamısı tamaşaçını bu tempə kökləmək, qəhrəmanları daha yaxşı duymaq üçündür.
   Filmin qəhrəmanlarının DVD-playerdə səsləndirdiklərini, konsertdə səslənənləri çıxsaq, filmə musiqi yazılmayıb. Bu, filmin mövzusunu hər cür pafosdan xilas edir və diqqətli tamaşaçı əslində filmin musiqisini eşidir. Bu musiqi hər kəsin təxəyyülündə bir cür çalınır. «Sevgi» belə filmdir...
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar