Rasim Mehdiyev: “Səs rejissorunun peşəkarlığı ondadır ki, filmə baxanlar onun işini hiss etməsinlər”
   
   Orxan Ağalarov: “Bir-birindən öyrənmə peşəkarlığı azaldır, bu sahənin məktəbi olmalıdır”
   
   Səs kinoda bəlkə də ən çətin elementdir, amma bəzən kinematoqrafçılar ona kifayət qədər diqqət ayırmırlar. Tez-tez eşidirik ki, səs filmi bəzəyir, yaxud korlayır, səsyazma film çəkilişinin yarıdan çoxu deməkdir və s. Filmdə yaxşı görüntü, təsirli səhnə lentə almaq nə qədər böyük bacarıq tələb edirsə, ona uyğun səs yazmaq da bir o qədər vacib məqamdır. Bəs görəsən Azərbaycan kinosunda səs və ya səsləndirmə işi nə yerdədir?
   
   Səsləndirməyə sonuncu iş kimi baxmaq düzgün deyil
   
   Qeyd etdiyimiz kimi, film yaradıcıları bir çox hallarda səs haqqında ən sonda düşünürlər. Kinoda səs texniki iş kimi qəbul olunur, səsləndirməyə də film üzərində işin son mərhələsində baxılır. Bu da ondan irəli gəlir ki, əvvəllər çəkiliş üçün istifadə olunan kinoplyonka səs yazmırdı. Rəqəmsal kameraların yaranması isə işləri asanlaşdırdı. Bu gün kino çəkilişinin texniki baxımdan daha asan və sadə yolları var, proses tez bir zamanda başa gəlir. Müasir texniki yeniliklər imkan verir ki, çəkiliş prosesində səs yerindəcə, çəkilişin aparıldığı məkanda, sinxron şəkildə yazılsın. Ölkəmizdə bədii və televiziya filmlərinin, serialların çəkilişinin artdığı bir vaxtda səsləndirmə işinin texniki imkanlar baxımdan hansı səviyyədə olması barədə mütəxəssislərin fikirlərini öyrəndik.
   “Ultra prodakşn”nın səs rejissoru Rasim (Ramzes) Mehdiyev 15 ildir bu sahədə çalışır. “Bir addım”, “Koramal”, “Mayak”, “Ağ qan” və s. filmlərin səs rejissorudur. “Bir addım” filmi (rejissorlar Fariz Əhmədov, Nərgiz Bağırzadə) Başqırdıstanda beynəlxalq festivalda “qısametrajlı bədii film” nominasiyasında “ən yaxşı səs rejissoru işinə görə” diploma layiq görülüb. R.Mehdiyev səsləndirmənin məsuliyyətindən danışdı: “15 illik iş təcrübəmin başlanğıcında yalnız musiqilər yazmaqla məşğul idim. O zamanlar musiqi və səs yazmaq çətin idi. Bəzən bir mahnı üçün saatlarla vaxt lazım olurdu. İndi yeni avadanlıqlar işi xeyli asanlaşdırıb. Bu gün musiqi və ya səslə istənilən əməliyyatı həyata keçirmək olur, maraqlı effektlər əlavə edirik”.
   
   Keyfiyyətli səsləndirmə düzgün texniki və yaradıcı yanaşma tələb edir
   
   Həmsöhbətim deyir ki, səs rejissoru üçün önəmli olan keyfiyyətli iş görməkdir: “Əgər ilk məsələ səslə texniki baxımdan düzgün işləməkdirsə, ikinci məqam yaradıcı yanaşmadır. Filmdəki dramaturji məqamlarla üst-üstə düşən musiqi vermək, onu görüntüyə düzgün daxil etmək lazımdır”.
   R.Mehdiyev səsləndirmə mərhələsinin nə cür həyata keçirildiyindən də danışdı: “Öncə filmin quruluşçu rejissoru tərəfindən montaj olunmuş material səs rejissoruna təqdim edilir. Bu materiala bir neçə dəfə baxmalı oluruq ki, lazımi məqamları diqqətdən qaçırmayaq. İlkin mərhələ səsləndirmədir. Filmdə çəkilmiş bütün aktyorlar dəvət olunur. Əgər səs uyğun gəlirsə, aktyor özü-özünü dublyaj edir. Gəlmədiyi halda ona uyğun səs axtarırıq. Bunu səs rejissoru və ya filmin rejissoru təklif edə bilər. Dəvət olunmuş aktyor monitorda filmdə olan görüntünü görür və səsi eşidərək eyni cür təkrarlayır. Bu yolla səs yazılır. Səsin yazılmasından sonra səs rejissoru görüntü ilə yazılmış səsi sinxronlaşdırmağa başlayır. Burada hər hansı yubanma və ya tələsmə dərhal hiss olunduğundan diqqətli olmaq lazımdır. Bununla aktyorların səsləndirmə mərhələsi yekunlaşır”.
   İkinci mərhələdə filmdəki səslərlə (interşum) iş başlayır. Filmdəki bütün səslər yenidən yazılır.
   
   “Balıq aldım və onu təmizləyərək səsi yazdım”
   
   Rasim Mehdiyev gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi üzərində işləyərkən bütün səslərin yenidən yazıldığını dedi: “Baxmayaraq ki, istənilən səs rejissorunda hazır səslərdən ibarət baza materiallar olur. Bəzən güllə səsi və ya barıt partlamasını yazmaq çətinlik yaradır. O zaman baza səslərdən istifadə edirik. “Mayak” filmində bu standartlardan yan keçdik. Filmdə dava səhnələri, atanın oğlunu sürüməsi səhnələri var. Səsyazma otağında filmi monitordan izlədik, eyni səsləri təkrarlayaraq yazdıq”.
   “Mayak” filmində balıq təmizləmə səhnəsində səsi yazmaq üçün isə hətta bazardan balıq almaq lazım gəlib: “Bu səsi standartdan tapmaq çətindir. Ona görə balıq aldım və onu təmizləyərək səsi sinxron olaraq yazdım. Filmdəki situasiyanı, real ab-havanı yaratmaq elə də asan deyil. Səs rejissorunun peşəkarlığı ondadır ki, filmə baxanlar onun işini hiss etməsinlər. Bədii film yalanı sevmir, adi xışıltıya qədər bütün səslər dəqiq verilməlidir”.
   R.Mehdiyev həmçinin qeyd etdi ki, səs rejissoru üçün keyfiyyətli texnikanın olması olduqca vacibdir: “Eşitdiyin səs səni aldatmamalıdır. Keyfiyyətli səsləndirmə üçün keyfiyyətli texnika lazımdır. Bu sahədə əsas problem mütəxəssis çatışmazlığıdır. Azərbaycanda səs rejissoru hazırlayan ali və ya orta tədris ocağı yoxdur. Ona görə hər kəs təcrübə əsasında öyrənir. Öyrənmək istəyən gənclər gəldikdə çalışırıq onlara düzgün istiqamət verək. Yenə də fərdiliyə gedirik və öz təcrübəmizdən çıxış edərək nəyisə öyrədə bilirik”.
   
   “Bu sahənin məktəbi olmalıdır”
   
   Son vaxtlar ölkəmizdə yeni texniki imkanlardan istifadə edilməklə filmlərə səs bilavasitə çəkiliş məkanında, sinxron olaraq yazılır. Artıq bir çox bədii filmlərdə bu təcrübə tətbiq olunub. Hazırda çəkilişləri aparılan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmində də səs bu üsulla yazılır. Çəkiliş meydançasında filmin səs rejissoru Orxan Ağalarovdan proses haqqında məlumat aldıq: “Burada önəmli olan texnikadır. Hazırda səsin yazılması üçün istifadə etdiyimiz texnika 8 kanallıdır. 8 kanallı rekorder Bakıda bir o qədər də yayılmayıb. Çoxkanallı rekorderlə daha keyfiyyətli səs yazırıq. Hər aktyorun geyiminə taxılan yaxalıq mikrofonlar vasitəsilə səs ayrıca kanala yazılır və birləşdirmə zamanı işləmək asan olur. Bundan başqa “bum” adlanan mikrofondan da istifadə olunur. Bum mikrofon ayrıca olaraq bir nəfər tərəfindən əldə saxlanılaraq danışan aktyora tərəf yaxınlaşdırılır. O, “bum operatoru” adlanır. Bum mikrofonlar həm stereo, həm də mono olur. Adətən, dialoqların yazılışında mono mikrofondan istifadə edirik. Bum operatoru mikrofonu elə saxlamalıdır ki, kadrda görünməsin və kölgə yaratmasın. Stereo mikrofonlar isə fon, mühit səslərinin yazılışında istifadə edilir. Rejissor öncədən bilavasitə çəkiliş meydançasında səsyazmanı nəzərə alıbsa, həmin məkanda səsə artıq səs operatoru cavabdeh olur”.
   Həmsöhbətim deyir ki, bu üsulla səsyazma prosesində bir neçə amilə diqqət yetirilməlidir. Onlardan əsası aktyorun geyimidir: “Sintetik materiallardan istifadə etmək olmaz. Bu zaman geyim xışıldayır və səs keyfiyyətsiz yazılır. Mikrofon paltarda elə bir yerdə gizlədilməlidir ki, paltarın az hərəkətdə olan yeri olsun, sürtünmədən xoşagəlməz səs yaranmasın. Həm də aktyorun ağzına yaxın yer olmalıdır ki, dialoqlar normal şəkildə yazılsın. Mikrofon, əgər papaq varsa, papaqda, saçlar imkan verirsə, saçda gizlədilməlidir.
   O.Ağalarovun sözlərinə görə, yerli səsyazmanı pavilyonda həyata keçirmək daha asandır: “Pavilyonda filmin formatına uyğun səsi qaydasında saxlamaq mümkündür. Lakin tarixi filmləri naturada çəkiriksə, ətrafda maşın və ya təyyarənin səsinin eşidilməsi ehtimalı yüksəkdir. Belə hallarda natura çəkilişləri üçün sonradan səsləndirmədən istifadə edirik”.
   Səsin bilavasitə məkanda yazılması çətin proses olduğundan çəkiliş qrupu buna hazır olmalıdır. Sovet dövründə bu üsul olmadığından rejissorlar sonradan səsləndirməyə öyrənmişdilər. İndi isə artıq səsyazmada yeni dövr başlayıb. Bir çox ölkələrdə artıq neçə illərdir ki, bilavasitə çəkiliş məkanında, sinxron səsyazmadan istifadə olunur.
   O.Ağalarov da səs rejissorluğu peşəsində ölkəmizdə mütəxəssis azlığını qeyd etdi: “Gələcəkdə ali təhsil ocağında bu sahə üzrə ixtisasın olması yaxşı olardı. Bu işə yeni gələnlər bir-birindən öyrənir. Bu isə peşəkarlığı azaldır. Səs rejissorluğu üzrə də məktəb olmalıdır”.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar