Almaniyada yaşayan soydaşlarımızla görüşdə müzakirə olunub

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşməsi, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. Diqqət mərkəzində olan məsələlərdən biri bu ölkədə yaşayan ailələrin uşaqları üçün Azərbaycan dili məktəblərinin açılması olub.

Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib. Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaijan” brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.

Fuad Muradov sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, o cümlədən gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq.