XIX yüzillikdə Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli nümayəndələrindən İsmayıl bəy Qutqaşınlı. General-mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi. Əgər Salman Mümtazın ədəbi axtarışları olmasaydı, zamanında adı dillərdə dolaşan bu ədibin yaradıcılığından indi kimsənin xəbəri yox idi...

S.Mümtazın 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi ilk məqaləsindən ötən dövrdə İsmayıl bəyin ədəbi irsi haqqında çox danışılmış, əsərləri nəşr edilmişdir. Araşdırıcılardan Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə və başqalarının, Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin yazılarında ədibin həyat və yaradıcılığına dair çoxlu yeni faktlar üzə çıxarılmış, onun ədəbiyyat tariximizdə tutduğu mühüm yer vurğulanmışdır.

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından maraqlanmışdır. Atası Nəsrullah Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra (1828) həmin mahalın başçısı təyin edilmişdir. Bu dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını öz ordusunda zabit kimi əsir saxlayırdı. İsmayıl bəy də belə bir tale yaşamağa məcbur olmuş, Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə təltif edilmişdi.

O, rus ordusunda xidməti dövründə bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətləri ilə yaxından tanış olmuşdur. Müharibələr qurtardıqdan sonra hərbi xidmətini davam etdirmiş, bir müddət Varşavada yaşamışdır. O, hərb işini dərindən öyrənmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1841-ci ildə istefaya çıxmış və vətəninə qayıdaraq Qəbələ və Şamaxıda yaşamış, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

İsmayıl bəy 1852-ci ildə, çox çətinliklə olsa da, xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli əfəndi və digərləri ilə birlikdə Həcc ziyarətinə yola düşmək üçün imperatordan icazə alır. O vaxta qədər ona müsbət münasibət bəsləyən rus məmurlarının bir çoxunun Məkkə ziyarətindən sonra ona olan baxışları dəyişir. Bununla belə İsmayıl bəy öz xeyriyyəçilik tədbirlərini davam etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə sərf edir.

İsmayıl bəy Qutqaşınlı 1861-ci ildə vəfat etmiş, Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

 

Mirzə Fətəlini sevindirən ədəbi-mədəni hadisə 

 

İsmayıl bəy Qutqaşınlı dövrünün tanınmış ziyalıları Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxın dostluq etmişdir. Onun Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. İsmayıl bəy Polşada hərbi qulluqda olarkən 1835-ci ildə fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini yazır və çap etdirir, bununla da realist Azərbaycan bədii nəsrinin bünövrəsini qoyur.

Hazırda yeganə nüsxəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssüratlarını belə ifadə etmişdir: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli”.

Ömrü boyu doğma xalqının səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışan İsmayıl bəy eyni zamanda yorulmaz səyyah idi. O, müsəlman Şərqini gəzmiş, gördüklərinə əsl alim kimi yanaşmış, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumat qoyub getmişdir.

S.Mümtaz yazır: “İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur şairlərimizdən Qasım bəy Zakirdir. Zakir öz yaradıcılığında dəfələrlə İ.Qutqaşınlıya müraciət etmişdir:

Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi – Şirvandan mədəd...

Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzənində ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan məbəd...”.

İ.Qutqaşınlı genişürəkliliyi, insansevərliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl tutması ilə ad çıxarıb. Qasım bəy Zakirin həyatının ən acı dəqiqələrində məhz İsmayıl bəyin arxa durduğu bəllidir. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi az olmamışdır.

 

Bədii nəsrimizin Səadəti

 

“Rəşid bəy və Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə qədər sevilə-sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı S.Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf edib. Nəhayət, uzun illərin zəhmətindən sonra onun Bakıya gətirilməsinə nail olur. Bu əlyazmalar Mümtazın zəngin kitabxanasını bəzəyir. 30-cu illər repressiyasında ondan topladığı həmin sənədlər tələb ediləndə heç birini vermir, ölümü məğrurcasına qarşılayır, topladığı irs bu gün Azərbaycan ədəbiyyatının ən zəngin və etibarlı qaynaqlarındandır.

“Rəşid bəy və Səadət xanım” əsəri Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. Hekayənin lirik qəhrəmanları Rəşid bəy və Səadət xanım XIX əsrin birinci yarısında Azərbaycanın kübar ziyalı gənclərinin bir sıra səciyyəvi cəhətlərini – həyata yeni münasibətini, istək və arzularını təcəssüm etdirir. Rəşid bəy obrazı eyni zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir...

İsmayıl bəyin bəlli olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. Bu əsərdən ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqa sahələrə maraq göstərənlər yararlana bilərlər. Burada müəllifin Azərbaycan, eləcə də Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında da orijinal məlumatları kifayət qədərdir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən aşkar edilən və şərti olaraq “Səfərnamə” adı altında nəşr olunan əsər ədibin həyatını, maraq dairəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün diqqətəlayiq mənbələrdəndir.

İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsrinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Ədib 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışsa da, öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini qoruyub saxlamışdır.

Aynurə ƏLİYEVA