Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX və XX əsrlərin məşhur ədəbi simalarından Mir Möhsün Nəvvabın (1833-1918) “Təzkireyi-Nəvvab” əsəri çapdan çıxıb.

Əlyazmalar İnstitutundan bildirilib ki, təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi – ümumilikdə 35 söz sənətkarı, ikinci hissəsində isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhim Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və başqaları – cəmisi 56 şair haqqında məlumat verilib və əsərlərindən nümunələr təqdim edilib.

1998-ci ildə nəşr olunan “Təzkireyi-Nəvvab” əsəri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Kitabın tərtibçisi və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov əsərin təkrar nəşri üzərində bir il yarım işlədiyini, mətnin yeni variantını təzkirənin avtoqraf və müxtəsər əski çap nüsxəsi ilə sətirbəsətir tutuşdurduğunu, buraxılmış beytləri və hətta bütöv şeir parçalarını bərpa etdiyini deyib.

Təzkirənin mətni təcrübəli mütəxəssislər akademik Teymur Kərimli və filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən redaktə edildikdən sonra Tünzalə Seyfullayeva tərəfindən korrektə olunub.

Kitabın tərtibçisi “Təzkireyi-Nəvvab” üzərində zəhməti olan mərhum alimlərimiz Nəsrəddin Qarayev və Fərrux Fərmanovu, təzkirənin əvvəlki nəşrinin redaktorları Məmmədağa Sultanov və Cahangir Qəhrəmanovu minnətdarlıqla yad edib. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi-indeks və qarabağlı 25 şairin avtoqraf əlyazma nümunələrinin surətləri də əlavə edilib.