2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-a üzv ölkələr üçün mədəniyyət evlərinin inşası layihəsi həyata keçiriləcək.

Bu məsələ Qazaxıstanın Türküstan əyalətinin valisi Canseyit Tüymebayevin ölkənin bir qrup tanınmış memar, arxeoloq, rəssam və tarixçiləri ilə görüşündə müzakirə edilib. Vali bildirib ki, Türküstan şəhərinin dünya miqyasında bir tarix və mədəniyyət mərkəzi olaraq inkişafı üçün “Antik Türküstan” konsepsiyası hazırlanıb.

Layihə 100 hektara yaxın sahəni əhatə edəcək və üç mərhələdə həyata keçiriləcək. İlk olaraq Türkiyə Respublikası tərəfindən inşa edilən Xoca Əhməd Yəsəvi məscidinin cənub-şərq istiqamətindəki əraziyə etnopark, ikinci olaraq Xoca Əhməd türbəsinin qarşısındakı ərazidə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət evləri inşa ediləcək. Son olaraq sözügedən türbənin ərazisindəki qala və binalarda restavrasiya işləri aparılacaq.

Toplantıda mütəxəssislər layihə barədə fikirlərini paylaşıblar.

Toplantının sonunda vali Canseyit Tüymebayev Türküstanın regionun Səmərqənd, Buxara, Xivə kimi şəhərləri ilə yarışaraq Türk dünyasının mədəniyyət mərkəzi olaraq dünyada tanınacağına inandığını söyləyib.

Mehparə SULTANOVA
Ankara