Müasir opera dünyasının məşhur cütlüyü – Rusiyanın Xalq artisti Anna Netrebko və onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov Baden-Baden Opera evində (Festspielhaus Baden-Baden) çıxış edəcəklər.

Baden-Baden Opera evinin saytında yer alan məlumata görə, iyulun 20-də və 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrı kollektivinin qastrolu çərçivəsində Françesko Çileanın “Adriana Lekuvryor” operasının premyerası olacaq. Səhnə əsərində Adriana Lekuvryorun partiyasını Anna Netrebko, Mauritsionun partiyasını isə Yusif Eyvazov ifa edəcək.

Operanın Mariinsk teatrında premyerası 2017-ci ilin iyun ayında olub.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda opera müğənniləri müsabiqəsinin, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.