İyulun 18-də Bakı Yunus Əmrə İnstitutu və İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümünə həsr olunan “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə 2016-cı ilin 15 iyul hadisələri haqqında qısa film nümayiş olunub.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək. Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar.
Səfir əlavə edib ki, Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan diplomat diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir.
Diplomat qeyd edib ki, Azərbaycan dövləti FETÖ təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib.
Səfir Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında deyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidən doğulmuş sayılır: “FETÖ erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nün ağlı deyil. Bunun arxasında qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxarmasaq, bənzər hadisələrlə yenidən üz-üzə gələ bilərik”.
İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız çıxışında bir məqamı xüsusi qeyd edib ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz.