Ağdamın işğalının 25-ci ildönümünə həsr edilmiş tədbir
İyulun 20-də Azərbaycan Xalça Muzeyində Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
“Qarabağın giriş qapısı – Ağdam” adlı tədbir Mədəniyyət Nazirliyi, Xalça Muzeyi, YAP Səbail rayon təşkilatının dəstəyi ilə reallaşıb.
Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək işğal olunmuş rayonlarımızla bağlı belə tədbirlərin həm də tarixi yaddaş baxımından önəmini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı, dövləti bu işğalla heç vaxt barışmayacaq, torpaqlarımız azad ediləcək, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar.
Vurğulanıb ki, 1993-cü il iyulun 23-də Ağdam rayonunun böyük bir hissəsinin, eləcə də Ağdam şəhərinin işğal edilməsi həm də mədəni irsimizə böyük zərbə oldu.
İşğalçı erməni silahlı birləşmələri mədəniyyət ocaqlarını, abidələri, tarixi tikililəri, insanların ev-eşiyini dağıdıb talan etdi, dinc əhaliyə amansız divan tutdu.
Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova çıxış edərək deyib ki, Ağdamın işğalından 25 il ötsə də, bu bölgəmiz xalqın yaddaşında qəhrəmanlıq diyarı kimi xatırlanır. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Ağdam rayonunun tamamilə işğalına yol verilmədi. Müharibə dayandırılandan sonra rayonun işğal altında olmayan yaşayış məntəqələrində həyat üçün zəruri şərait yaradıldı. Ərazisinin üçdə ikisi işğal edilsə də, Ağdam rayon kimi yaşayır. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin qayğısı sayəsində rayon ərazisində quruculuq-abadlıq işləri davam edir.
Tədbirdə Ağdam rayonunun tarixi-mədəni irsindən söz açılıb, Qarabağa həsr edilmiş foto və videoslayd nümayiş olunub.