Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransında 52 ölkədən nümayəndələr iştirak edirdi. Tədbirin gedişində onların bir qisminin təəssüratını öyrəndik.
Adam Svitala (Finlandiya):
- Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycanda keçirilməsindən, Bakıda olmağımdan, Azərbaycan musiqisi və mədəniyyəti ilə tanışlığımdan məmnunam. Musiqinin dili yoxdur, deyirlər. Bir də deyirlər ki, musiqi insanları birləşdirir. İnanıram ki, müzakirələr və keçirilən görüşlərdə musiqinin problemləri və bu gün dünya musiqiçilərini düşündürən məsələlər müzakirə ediləcək.
Pinar Beşevli Solmaz (Türkiyə):
- İlk olaraq qonaqpərvərlik üçün xüsusi təşəkkür etmək istəyirəm. Konfrans çox gözəl təşkil edilib. Çox məmnunuq ki, təhsil sahəsində fikir və bilgilərimizi qardaş Azərbaycanda bölüşürük. Sessiyalarda çox maraqlı fikirlər səsləndirilib, məlumatlar təqdim edilib. Aparılan müzakirələr məruzələrin nə qədər əhəmiyyətli olmasına işarədir. İnanıram ki, konfrans musiqi təhsili sahəsinə öz töhfəsini verəcək.
Refik Saydam (Türkiyə):
- Konfrans günlərində keçirilən toplantılar və görüşlər, konsertlər böyük müvəffəqiyyətlə reallaşdı. Bu baxımdan Azərbaycan dövlətinə və təşkilatçılara dərin təşəkkürümü bildirirəm. Burada önəmli bir təməl də atılmış oldu. Ortaq türk musiqisi məsələləri bir arada müzakirə edildi. Qarşıdakı illərdə bu əlaqələr daha da güclənəcək. Bir musiqiçi olaraq öz qardaş dövlətimiz olan Azərbaycan musiqisini yaxından dinləyən, sevən, tədrisimizdə təbliğ edən pedaqoq kimi konfrans nəticəsində bu musiqi ilə daha da yaxından tanış olmaq imkanı qazandıq.
Antonella Coppi (İtaliya):
- Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Dünya konfransının Azərbaycanda təşkili musiqi təhsili sahəsində ölkənizin uğurlarının nəticəsidir. Biz dünya üzrə musiqi təhsili sahəsindəki yeniliklər və digər məsələlərdən əlavə, Bakıda olduğumuz müddətdə həm də Azərbaycan musiqisi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandıq. Mədəni proqram çərçivəsində tarixi məkanları gəzdik. Musiqi insanları birləşdirir, savadlı musiqi isə bu yaxınlığı daha da sülhsevər şəkildə reallaşdırmağa imkan yaradır. İnanıram ki, konfrans çərçivəsində təşkil edilən konsert, məruzə və çıxışlar öz müsbət nəticəsini verəcək.
Sayuri İhara (Yaponiya):
- Konfrans çərçivəsində aparılan müzakirələr musiqi təhsili sahəsinin daim inkişafda olduğunu sübut edir. Bu gün dünya üzrə təcrübələri bölüşmək çox əhəmiyyətlidir. Bu münasibətlər yeni ideya və təkliflərə yol açır, musiqinin bütün sahələrində axtarışların aparılmasına təkan verir. Bakıda olmağımdan hədsiz məmnunam.
Hazırladı: LALƏ