Azərbaycan

25 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsindəki üsyanı yatırıb. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar dövründə buraya köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və “Muğan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.

25 iyul 1935 – Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.

25 iyul 1935 – Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.

 

26 iyul 1915 – Teatr rejissoru, pedaqoq Əliheydər Ələkbərov (1915 – 3.3.1975) anadan olub. Yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.

26 iyul 1938 – Azərbaycan SSR-in yeni Konstitusiyasına əsasən respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbit edilib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil – Qusar, Zuvand – Lerik, Biləsuvar – Puşkin, Nərimanov – Xanlar, Vəryadüz – Yardımlı. Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayılov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi Xanlar (indiki Göygöl) adlandırılıb.

26 iyul 1995 – Xalq yazıçısı, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919 – 1995) vəfat edib. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.

26 iyul 2008 – Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

 

27 iyul 1804 – Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma – Üçmüədzin döyüşü olub. İrəvan xanlığı ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə rus qoşunları məğlub olub. 

27 iyul 1826 – Gəncədə çar Rusiyasının müstəmləkəçiliyi əleyhinə üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının qurucusu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

27 iyul 2012 – Tanınmış dekorativ-tətbiqi sənət ustası, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib.

 

Dünya

 

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905 – 1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Gözqamaşma”, “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

25 iyul 1929 – Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının, hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).

25 iyul 1980 – Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 – 1980) vəfat edib. “Kiçik tragediyalar”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. “Görüş yerini dəyişmək olmaz” telefilmində oynadığı Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına (1987, ölümündən sonra) layiq görülüb.

 

26 iyul 1875 – İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875 – 1961) anadan olub.

26 iyul 1885 – Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois – əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.

26 iyul 1856 – Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.

26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

26 iyul 1964 – Amerika aktrisası Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar” laureatı, 2010).

 

27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və eyniadlı pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan”, “Üç güclü kişi” (povest) və s. “Kameliyalı qadın” əsasında C.Verdi “Traviata” operasını yazıb.

27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.

27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.

27 iyul 1915 – İtaliyan opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

Hazırladı:  Vüqar ORXAN