“Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edəcək

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində Rusiyanın məşhur musiqi kollektivi – “Turetski xoru”nun konserti keçiriləcək.

Mərkəzdən bildirilib ki, qrup Bakı konsertində repertuarında olan ən populyar kompozisiyaları – dünya klassikasının şedevrlərindən xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək.

“Turetski xoru” XXI əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığına sahib ifaçıların sənət birliyidir.

Art qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Qrup debütünü 1990-cı ildə edib.

Kollektivin repertuarı sərhədsizdir – onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan çox dildə kompozisiyalar yer alıb.

Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, Almaniya, ABŞ, Kanada, İsrail, İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və başqa ölkələrdə çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində qrupun 10 gün ərzində 7 ölkənin şəhərlərində – Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub. Qrupun konsert proqramları hər zaman anşlaqla keçib.