Keçmişlə gələcək, təbiətlə mədəniyyət arasında
   
   Misal var, deyirlər, hər kəs zamana baxar, zaman heç nəyə baxmaz. Beləcə zaman yanımızdan, içimizdən, yaddaşımızdan axıb keçir. Amma hər şey, sadəcə, ötüb keçmir, yaddaşa taxılan, qəlbə, “sarı sim”ə toxunub qalanlar da olur. Sonra bu həssas məqamlar kino lentinə köçür, bizi düşünüb-daşındıran, yaddaşımızı silkələyən ekran əsərinə çevrilir.
   
   Rejissor Yavər Rzayev otuz illik sənət həyatında iki tammetrajlı bədii film çəkib. Amma düşündüyünü uzun fasilədən sonra çəksə də, çəkəcəyini uzun müddət gözləsə də, hər dəfə “sarı sim”ə vurur, dünyanın bəşəri-fəlsəfi mövzusuna toxunur. Həm də bizi göstərir. Rejissorun «Sarı gəlin»i (1998) də belə idi, «İlahi məxluq»u (2009) da.
   «Sarı gəlin» bir məqam idi və çəkildiyi zamanın içində bu məqam, doğrudan da, fərqli, bir başqa idi. İlk növbədə ssenari və ideya baxımından. Hamımıza bəlli, yaxın olan mövzuya poetik, publisistik, bədii və realistik yanaşmanın təzahürü olaraq (bütün qüsurlarına rəğmən) fərqləndi. Rejissor hamımızın bildiyi, bir çoxumuzun gördüyü müharibəyə fərqli bir rakursdan baxmışdı...
   “İlahi məxluq” kulturoloji bir mövzu, kulturoloji baxış olaraq maraqlıdır. Əhvalat olaraq real və problematikdir.
   Filmi görməmiş oxuculara qısa bir xülasə. Qəhrəman yeniyetmə bir oğlandır. Çoban Əşrəfin oğlu. Film çovğun xəbəri ilə başlayır. Əşrəf (Nurəddin Mehdixanlı) təcili olaraq ailəsini və mal-qarasını dağdan arana endirməlidir. Amma onların hamısını bir dəfəyə apara bilməyəcəyini dərk edir, alaçığı və quzuları oğlu İsmayıla (Corc) tapşırır. Bu arada qışdan öncəki yayın görüntüləri qış təsvirlərinin soyuq atmosferini isidir. Yaylaqda Əşrəfin evinə şəhərdən bir müddət, bəlkə də uzun müddət yaşamaq fikrilə bir rəssam qız (Vəfa Zeynalova) gəlir. İsmayıl qızın ona bağışladığı məşhur rəssamların gözəl qadın rəsmlərindən ibarət dərgiyə, daha sonra isə rəssam qıza aludə olur. Qız ona fırça da bağışlayır. Bu, atanı hiddətləndirir. Bəlkə də qızın oğlu ilə dostlaşmasına paxıllıq edir. Hər halda... Qızın İsmayıl üçün təşkil etdiyi yarıestetik intim bir səhnəni ata “tamamlayır” - onu zorlayır.
   Rəssam qız şəhərə qayıdır. Ata-oğul konflikti isə davam edir. İndisə, budur, ata köçünü bir qədər ötürəndən sonra yuxarı, oğlunun yanına qayıdır. Qar uçqunundan ürkən at onu yıxır və ayağını sındırır. Yaralı halda çovğunda hərəkət etmək mümkünsüzdür. Əşrəf yapıncının içində ölümə məhkum. Finalda isə gənc İsmayılı görürük. O öz ailəsilə yaylağa köçür. Arabada gənc arvadı. Artıq İsmayıl özü atadır...
   Kulturoloji aspekt. Mədəniyyət və təbiət qütbləri maqnitin eyni qütbləri kimi bir-birini itələyir. Rəssam qız mədəniyyəti təmsil edir. Çoban Əşrəf təbiətin tərəfinə keçib. Mədəniyyət təhqir olunub, zorlanıb qovulur.
   Bu bir əcaib sevgi əhvalatıdır. Mədəniyyət və təbiət sanki kor sevgililərdir - bir-birini tanıdıqca, öyrəndikcə bir-birini zədələyən, yaralayıb şikəst edən, ağrıdan, öldürən tərəflərdir.
   Sonda qalib təbiətdir. Sivilizasiya, mədəniyyət qadın kimi zərif, zəif və gücsüzdür.
   Sarı simin biri burada: planeti bürüyən təbii qlobal fəlakətlər sivilizasiyanı, bu mədəni insanları narahat etməkdədir. Qlobal istiləşmə, sellər, daşqınlar iqlim dəyişikliyi insanlara bir mesajdır sanki.
   «İlahi məxluq» da elə bil mesaj verir - baxın, sonda təbiət qalib gəlir!
   Və ya bütün ictimai formasiyalar, sivilizasiya cəhdləri insanın vəhşi instinktlərilə bacara bilmir.
   Realist aspekt. Ata və oğul mövzusu fəlsəfi bir məqam olsa da, onun həyati realist tərəfini qeyd etməsən olmur. Xüsusən kəndlərdə nə qədər belə çomaqlar var, heç də heyvanlardan az dəymir uşaqlara. Avtoritar, despot ailələrdə uşaqların dəyərini ata müəyyən edir. Patriarxal cəmiyyətin eybəcərliyi - atalar uşaqlarına fərd, şəxsiyyət kimi yanaşma hissindən məhrumdurlar. İsmayıllar qurban kəsə bilmədikləri heyvan misallıdır onlar üçün. Filmin maraqlı keçidlərindən biri də İsmayılın adının Rembrandtın «İbrahimin qurban verməsi» rəsmilə xatırlanmasıdır. Ümumiyyətlə, filmdə keçid yerinə məşhur rəsmlər istifadə olunur. Həm də filmin bölmələrinə verilən epiqraf olur (zira, kinonun epiqrafı söz yox, rəsm olmalıdır).
   Fəlsəfi aspekt. Filmin əvvəlindən ata və oğul arasında bir konflikt göstərilir. Bunun səbəbi yalnızca atanın oğluna mülkiyyəti kimi yanaşması, eyni zamanda, onu sevməsi və gələcəyi üçün narahatlıq duyması deyil. Ata olmaq, atalıq sanki bir kompleksdir və gələcək qarşısında yaranmış bir kompleksdir. Ata oğlunda şəxsiyyət, fərd görmür, gördükdə isə əsəbiləşir, çünki onu özünün parçası hesab edir və özündən fərqli bir şey onu qeyzləndirir. Məgər bu məzəmmətləri azmı eşitmişik? «Mən sənin yaşında olanda filanı filan edirdim, amma sən...» O, övladını, oğlunu özünün davamı kimi görür. Amma həm də oğul bir özgəsidir. Əşrəf övladının özgəliyini onun yeniyetməliyində duyur. Oğulların atalarla konflikti də məhz bu cinsi yetişkənlik yaşlarında yaranır. Ata-oğul konfliktinin əsas düyünü seksual rəqabətdir. Əşrəf gənc rəssam qızla arasında oğlunu rəqib kimi görür. Bu rəqabətdə ata qalib gəlir - atalıq qalib gəlir. İsmayılın ilk intim (həm də estetik) aktı atası tərəfindən pozulur. Ata qadınla münasibətdə oğlunu uşaq hesab edir, amma ocağı qorumaq, heyvanları ona tapşırmaq lazım gələndə «uşaq» dönüb «yekə kişi» olur...
   Poetik aspekt. Rəssamın gətirdiyi rəsmlərdən başlayır. Rəssam qız hətta rəsmlərdən birini İsmayıl üçün canlandırır da. Nə üçün o, İsmayıla bu qədər maraq göstərir? Bəlkə qızı onun yeniyetmə cazibəsi çəkir? Ya bəlkə bununla atanı qıcıqlandırır?
   Ümumiyyətlə, bu qədər maraqlı mövzunun ustalıqla dayaq tapdığı adi həyati əhvalatda ən boşda qalan bu rəssam qızın məsələsidir. O, nə üçün bu ucqara gəlib çıxıb? Ümumiyyətlə, o nə istəyir? Məqsədi, məramı nədir? Bu obrazın konseptual həlli tapılmayıb və yaxud aktrisa bunu göstərə bilməyib. Onun qəhrəmanı Venera olmaq istəyən, rəssam olduğunu göstərən şıltaq bir qızdır. Nə istədiyini kimsə bilmir.
   Filmin dialoqları da yaxşı işlənməyib. Filmdəki konfliktin, yaxşı operator (Rəsul Tənhayi) işinin içində bu, tamaşaçı fikrini dağıdır.
   Final
   Əslində final İsmayılın donmamaq üçün rəsmləri (jurnaldakı reproduksiyaları) yandırması ilə başlayır. Bu epizod artıq nəsə deyir. Bu, təbiət qarşısında, ata qarşısında təslim aktıdır. Gənc, ata olacaq İsmayılın köç epizodu sanki tamaşaçıya əhvalatın adiliyini, sıradanlığını xatırladır. Kimsə süjeti belə danışardı: «Ata çovğunda köç ötürərkən öldü, oğul atanın yolunu davam etdirir».
   İsmayılı saçlarından rəssam qıza oxşayan hamilə qadını gözləyir. O, ata olacaq. Atalıq qalib gəldi! Oğul yalnız gələcək deyil, həm də keçmişdir.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar