Son iki ildə yetmişdən artıq metodiki vəsaitin hazırlandığı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin daha üç yeni nəşri çapdan çıxıb.

Mərkəzin əməkdaşı Səbuhi Hüseynovun hazırladığı “Müsabiqələrin təşkili qaydası” adlı metodiki tövsiyədə kitab, rəsm, fotomüsabiqələrin təşkili qaydaları, müsabiqə prosesində nəzərə alınmalı meyarlar təşkilatçıların diqqətinə çatdırılır.

“Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər” adlı metodiki tövsiyədə (müəllif Aygün Balabəyova) dünya muzeylərindən və yerli muzeylərdən nümunələr verilib, habelə informasiya texnologiyalarının muzeyin fəaliyyətində tətbiqinin hansı faydalar gətirə biləcəyi öz əksini tapıb.

“Sərgi işi ekspozisiyaların formalaşmasında ilk mərhələ kimi” (müəllif Məhbubə Əbilova) adlı metodiki tövsiyədə isə elmi-kütləvi işin əsas istiqamətlərindən olan sərgilər, stasionar və səyyar sərgilərin təşkili və bu proseslə bağlı müxtəlif işlərin görülməsi haqqında danışılır.

Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.