AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası Qalatəpə antik və orta əsrlər şəhər məskənində arxeoloji tədqiqatlar aparıb.
İnstitutun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhərinin yerində araşdırmalar 2008-ci ildən aparılır. Bu ilin yayında bir ay ərzində aparılan tədqiqatlar zamanı 0,9-2,0 metr qalınlığında olan mədəni təbəqə tədqiq edilib. Üst qatda erkən şirli qab fraqmentlərinə təsadüf edilsə də, bu təbəqənin əsasən erkən orta əsrləri əhatə etdiyi müəyyənləşdirilib. Xüsusilə 1,3 metr dərinlikdən başlayaraq keramikada dəyişiklik müşahidə olunub. Tapıntılar arasında ocaq qurğusunun bir hissəsi, qara rəngli şüşə qabın qırığı, göyümsov rəngli beşguşəli daşdan üzük qaşı və s. var.
Arxeoloji dəstə ətraf ərazilərdəki abidələrin vəziyyətini də yoxlayıb. Bala (Qiyamədinli kəndi) və Böyük Torağay təpələri (Təzəkənd), Qurdlu təpə (Şahsevən kəndi), Qarqarçay boyu ərazilər nəzərdən keçirilib. Beyləqan rayonu ərazisindəki çoxtəbəqəli Çardaxlı təpələrinə (Aşağı Cəmilli kəndi) baxış keçirilib, Sultanbud abidələri haqqında (Bahar qəsəbəsi) ilkin məlumat toplanıb.
Bu abidələrin hər hansı dağıntıya məruz qalmamasını sevindirici hal kimi qiymətləndirən T.Əliyev dağılan abidələrə də rast gəlindiyini təəssüflə qeyd edib: “Mil düzündə, Kamiltəpədən 150 metr şimal-qərbdə buldozerlə torpaq işləri görülən zaman Son Tunc və Erkən Dəmir dövrünə aid qəbiristanlıq aşkar edilib. Ətrafda yaşayan sakinlər dağıntı yerindən qara cilalı, naxışlı saxsı qablar, tunc, ağ pasta və əqiqdən bəzək əşyaları toplayıblar. Həmin artefaktların bir qismi sakinlərdən təhvil alınaraq rayon Tarix-diyarşünaslıq muzeyinə təqdim edilib. Mil-Qarabağ düzünün qeyd olunan dövrünü araşdırmaq baxımından bəhs olunan qəbir abidəsinin kompleks halda tədqiqinə ehtiyac var.