Moskva özbək rəssamın yaradıcılığı ilə tanış olur

Moskvadakı Baxruşin muzeyində özbək rəssamı Salimcon Mamatqulovun “Qəlbin aynası” adlı sərgisi açılıb. Moskvalılar və Rusiya paytaxtının qonaqları 95 tablodan ibarət sərgi ilə iyul ayının sonunadək tanış ola bilərlər, sonra isə ekspozisiya Sankt-Peterburqa aparılacaq.

Maraqlıdır ki, Mamatqulovun əsərləri indiyədək Rusiyada nümayiş etdirilməyib. Amma fərdi sərgiləri yalnız öz vətənində açılmış rəssamın yaradıcılığı kolleksiyaçılara yaxşı tanışdır. Rəssamın xeyli əsəri təkcə Özbəkistanda, MDB ölkələrində deyil, həmçinin Koreya, Bolqarıstan və hətta Birləşmiş Ştatların təsviri sənət xiridarlarının kolleksiyalarında qorunur. 

Rəssamın Özbəkistandan kənarda ilk fərdi sərgisində onun son illər müxtəlif texnikada – tuşla çəkilmiş, yağlı və sulu boyalarla işlənmiş bir neçə mənzərə silsiləsi yer alıb. Mənzərələrin rəsm texnikası kimi mövzusu da rəngarəngdir. Burada qədim Buxaranın müasir görünüşü və Avropa şəhərlərinin ilk baxışda diqqətdən kənarda qalan maraqlı görüntüləri ilə də tanış olmaq mümkündür. Özbək rəssamın əsərləri Moskvadan sonra Rusiyanın şimal paytaxtında da bir ay ərzində nümayiş olunacaq.