Sentyabrın 4-10-dək Tatarıstan paytaxtında XIV Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı keçiriləcək.

Festivalın icraçı direktoru Milyauşa Aytuqanova bu il müsabiqə proqramında 65 filmin nümayiş etdiriləcəyini söyləyib. Budəfəki forumun təşkilat komitəsinə rekord sayda film - 56 ölkədən 967 iştirak ərizəsi daxil olub.

Müsabiqə proqramına ənənəvi olaraq dörd əsas nominasiya (tammetrajlı və qısametrajlı oyun və sənədli kino), həmçinin “Gənc Rusiya” (gənc rusiyalı rejissorların müsabiqə işləri) və “Milli müsabiqə” nominasiyaları daxildir. Seçim komissiyası artıq hansı filmlərin proqrama daxil edilməsi barədə qərar çıxarıb. Yeri gəlmişkən, Azərbaycanın tanınmış sənədli filmlər rejissoru Tahir Tahiroviçin (Tahir Əliyev) “Gecikmə” filmi Kazan festivalının qısametrajlı sənədli filmlər müsabiqə proqramında iştirak edəcək. 

Festivalın müsabiqədənkənar proqramında isə pravoslavlıq və digər dinlər, müxtəlif xalqların adət-ənənələri (“Mədəniyyətlərin dialoqu” seksiyası) ilə bağlı ekran əsərləri, gənc kinematoqrafçıların lentləri (“Kinosınaq”) göstəriləcək. İlk dəfə forumda “Uşaqlığın kino dünyası” uşaq filmləri seksiyası da açılacaq.