“Gilavar” Azərbaycan Foto Klubunun (Gilavar Photo Club of Azerbaijan) təşkilati dəstəyi ilə ölkəmizdə iki beynəlxalq foto müsabiqəsinə start verilib.

Müsabiqələr Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilir. Məqsəd ölkəmizdə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, fotolar vasitəsilə Azərbaycanı dünyada təbliğ etməkdir.

“Azerbaijan Photo Salon” və “Baku-2018” adlı müsabiqələrdə dünyanın istənilən ölkəsindən 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Sərbəst rəngli və ağ-qara, insan, səyahət, təbiət, və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına medallar və xüsusi lentlər təqdim olunacaq. Qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

“Gilavar” Photo Club of Azerbaijan” 2017-ci ildə tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb.