Günəş sisteminin dördüncü (Günəşdən uzaqlığa görə) və Yer kürəsinə Veneradan sonra ikinci ən yaxın planet olan Marsda 1,5 kilometr dərinlikdə su tapılıb.

Bu, Marsda maye halda ən böyük su kütləsidir. Əvvəlki araşdırmalar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstərirdi. Lakin sonuncu kəşf onu təsdiq edir ki, Marsda daimi su mövcuddur. Su kütləsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir.

İtalyan araşdırmaçılara məxsus olan bu kəşf barədə Romada xüsusi mətbuat konfransı keçirilib və müəlliflərin elmi məqaləsi ABŞ-ın məşhur “Science” jurnalında çap olunub.

Bu kəşf Marsda həyat ola biləcəyi ehtimalını artırıb. Mars planeti Yer kürəsindən orta hesabla (hər iki planetin orbital hərəkətinə görə bu məsafə müxtəlif vaxtlarda dəyişir) təxminən 225 milyon kilometr təşkil edir. Kosmik peyk bu yolu təxminən 5-6 aya gedir.