İtaliyanın Turin şəhərindəki Vəftizçi Yohann kafedralında saxlanılan və xristian dünyasında ən mübahisəli müqəddəs əmanət olan qədim parça qalıqlarının İsa peyğəmbərin dəfnində istifadə edilmiş kəfən olduğu iddia edilirdi.
Lakin alimlərin ən müasir texnologiyaların köməyi ilə apardığı tədqiqatlar “Turin kəfəni” adlanan və ölçüsü 4,4x1,1 metr olan bu əmanətin orta əsrlərdə düzəldilmiş saxta kətan parçası olduğunu üzə çıxarıb. Roma Katolik Kilsəsi qan ləkəsinin təhlili modelinin (Bloodstain Pattern Analysis) “Journal of Forensic Sciences” jurnalında dərc olunmuş nəticələrinə rəsmi mövqe bildirməyib.
Parça qalıqlarında 30-40 yaşlarında kişi təsvirinin, kətan parçasının üzərindəki qan izlərinin də İncildə təsvir olunan detallarla üst-üstə düşmədiyi və İsa peyğəmbərə aid olmadığı aşkar edilib. Üstəlik qan ləkələrinin təhlili onların bir-birinə uyğun gəlmədiyini üzə çıxarıb.