Daşkəsəndə təşkil edilən beynəlxalq düşərgə qala-konsertlə yekunlaşıb
Daşkəsən rayonunda MDB-nin 7 ölkəsindən (Azərbaycan, Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgə təşkil olunub. Layihə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin təlim və istirahət mərkəzində gerçəkləşib.
Gənclərin “Yaradıcılıq emalatxanası” qala-konsertlə yekunlaşıb. Mərkəzin stadionunda açıq havada keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, iyulun 20-də Bakıya səfər edən nümayəndə heyətləri növbəti gün Daşkəsən rayonuna yola düşüblər. İyulun 21-dən “Yaradıcılıq emalatxanası”nda təlimlərə start verilib. Bir həftə ərzində yaradıcı gənclər milli musiqi alətləri, rəqs, estrada ifası, dekorativ-tətbiqi sənət, kulinariya və teatr kimi incəsənət sahələrində təlim və ustad dərsləri keçib, Azərbaycan mədəniyyətinin incəliklərini öyrəniblər.
Konsertdə belarus, qazax, qırğız, moldavan, rus və tacik gənclər öz ölkələrinin milli musiqi alətlərində “Sarı gəlin” xalq mahnısını səsləndirib, Azərbaycan və rus dillərində bəstəkar Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən” mahnısını, “Bayram” və “İgidlər” kimi milli rəqslərimizi ifa ediblər. Gənclər həmçinin özlərinin bişirdikləri Azərbaycan milli mətbəxinin nümunələri olan düşbərə, qutab, xəngəl kimi xörəkləri, xalçaçılıq sənətimizin sirlərinə yiyələnərək atdıqları ilk ilmələri nümayiş etdiriblər.
Beynəlxalq düşərgənin iştirakçıları Azərbaycanın klassik dramaturqu M.F.Axundzadənin yaradıcılığından “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasından bir səhnəcik də göstəriblər.
Konsertin sonunda gənclər və idman nazirinin müavini İntiqam Babayev ilk dəfə Daşkəsən rayonunda keçirilən beynəlxalq düşərgə üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, layihə çərçivəsində gənclərin Azərbaycan mahnı və musiqilərini, sənət və rəqslərini öyrəndiklərini diqqətə çatdırıb. Nazir müavini xarici gənclərin Azərbaycandan vətənlərinə xoş təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev bu cür beynəlxalq tədbirlərin Daşkəsən rayonunda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib, növbəti belə konsertlərin işğal altında olan Qarabağımızda təşkil olunmasını arzulayıb.