Mərkəz Azərbaycanın beynəlxalq miqyasda və türk-müsəlman dünyasında yeri və roluna dair araşdırmalar aparacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının qərarına əsasən, institutda Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb.
Tarix İnstitutundan bildirilib ki, yeni mərkəz Azərbaycanın dünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyənləşdirəcək, həmçinin ölkəmizin türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara diqqət yetirəcək. Mərkəz vasitəsilə xalqımızın tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda təbliğ ediləcək.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyənləşdiriləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq.
Həmçinin sentyabrda Bakıda Tarix İnstitutunun və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək. Tədbirdə dünyanın tanınmış tarixçi alimlərinin iştirakı gözlənilir.