Türkiyə Böyük Millət Məclisinə keçirilən son seçimlərdə millət vəkili seçilənlər arasında Azərbaycan əsilli siyasətçi Şamil Ayrım da var. O, bundan öncə İqdır və İstanbuldan millət vəkili seçilməklə yanaşı, həm də parlamentdə Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri olub. Şamil Ayrım bizimlə söhbətə öncə Azərbaycana bağlı olduğu məqamlardan bəhs etdi.
- Atamın atasının, yəni babamın adı Şamil olub və babamın adını da mənə qoyublar. O, Türkiyənin qurtuluş savaşında, milli mücadilədə Kazım Qarabəkirin silahdaşlarından olub. Qars və İqdırın ermənilərdən xilas edilməsində iştirak edib. Yəni biz ailə olaraq mücadilənin içində böyümüşük. Həyat yoldaşım Gülhan xanımın ana babası Sarı Ələkbər də xalq qəhrəmanı olub. Ata babam Əsədullah Qarsda mücadilə aparıb. Anamın dayısı I Dünya müharibəsi dövründə Rusiyanın işğalı altında olan Qarsda “Cənub Qərbi Qafqaz Hökuməti”ni quranlardan olub. O, Əhməd Ağaoğlu ilə bərabər iki il Maltaya sürgün edilib. Mən də fəxr edirəm ki, elə insanların nəslindənəm. Atam Yusuf Ziya Ayrım Türkiyədə tanınmış siyasətçilərdən olub. Kənd təsərrüfatı mühəndisi idi və uzun zaman İqdırda məsul vəzifədə işləmiş, sonra Türkiyə Cümhuriyyəti Senatının (60-70-ci illərdə TBMM-in yuxarı palatası – red.) üzvü olmuşdu. Onun ardınca mən siyasətə girdim. Qars və İstanbuldan millət vəkili seçilmişəm. 16 illik fasilədən sonra Ədalət və İnkişaf Partiyasından təkrar millət vəkili seçildim.
- Şamil bəy, ikinci dəfədir ki, İstanbuldan millət vəkili seçilirsiniz. Bunun önəmli səbəbi varmı?
- Bəli, var. Çünki İstanbulda bizim bölgəmizdən – İqdır və Qarsdan olan çox sayda insanlar yaşayır. Eyni zamanda onların arasında Azərbaycan əsillilər də az deyil. Mən özüm də uzun illər İstanbulda çalışdım. Gəmi sənayesi üzrə qurumda baş direktor oldum. 1995-ci ildə millət vəkili olduğum dönəmdə Azərbaycan kökənli olduğum üçün Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri təyin edildim. Yadımdadır ki, Prezident Heydər Əliyev Türkiyəyə gələndə onu qarşılayanlardan biri idim. İlk tanışlığımız belə oldu. Sonra 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışına məni də dəvət etdilər. İqdırdan böyük bir heyətlə Naxçıvana getdik. Dəvətlilər çıxış etdi və Heydər Əliyev əlini kürəyimə toxundurub dedi ki, sən də çıxış et. Axşam yemək masasında mənə dedi ki, qalx yanıma gəl. Özüm haqqında məlumat verdim. Dedim ki, siz ilk dəfə Türkiyəyə gələndə sizi qarşılayan və çıxış edən bir ağsaqqal vardı – Yusuf Ziya Ayrım. Mən onun oğluyam. O zaman atam Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin rəhbəri kimi həmin görüşə qatılmışdı və görüş zamanı belə demişdi: «Biz Azərbaycanın müstəqilliyini çox gözlədik. Gözləyirdik ki, Azərbaycandan dövlət rəhbəri bir gün gələcək və biz onunla söhbət edəcəyik. Biz sizin yanınızdayıq. Yaşasın, Azərbaycan, yaşasın Türkiyə”. Heydər Əliyev bu söhbətdən çox məmnun oldu.
- Dediniz ki, 16 ildən sonra təkrar siyasətə qayıtdınız. Bəs millət vəkili olmadığınız dönəmdə Azərbaycanla əlaqələriniz davam edirdimi?
- Azərbaycanla əlaqələrim heç vaxt zəifləmədi. Millət vəkili olmadıqda da Azərbaycana gedib-gəldim. Mən Mərmərə Qrupu Vəqfinin qurucusu və baş direktorunun müavini idim. Bu qurum vasitəsilə İstanbulda Azərbaycanın bayramları, tarixi günləri, Heydər Əliyevin doğum və anım günlərini qeyd etdik. Tədbirlərə İstanbulda yaşayan azərbaycanlılar da qatılırdı. Bu tədbirləri həm də Ankarada keçirirdik. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan millət vəkilləri də tədbirlərimizdə iştirak edirdi.
Biz Türkiyə Cümhuriyyətinin vətəndaşı olsaq da, Azərbaycan bizim sevdamızdır. Həyat yoldaşım gəncəlidir, anam isə Şuşadandır. Atamın da kökü Gədəbəydəndir. Uşaqlığımızdan bəri Azərbaycan sevgisi ilə böyümüşük. «Azərbaycan nə vaxt müstəqil olacaq, oradakı dostlarımıza, yaxınlarımıza necə qovuşacağıq», - deyə o günün həsrəti ilə yaşamışıq. İqdırda axşamlar bəzən bizim tərəflərdə işıq olmazdı. Qarşı tərəfdən Naxçıvan kəndlərinin işıqları görünərdi. Anam rəhmətlik «Baxın, bir gün siz o işıqların yandığı yerləri görəcəksiniz. Bəlkə biz görə bilmədik, ancaq orada sizin yaxınlarınız var» deyirdi. Anam o günləri görə bilmədi, amma biz gördük. Biz evdə Azərbaycan mədəniyyəti, adət-ənənələri ilə böyüdük. Anam Azərbaycan yeməkləri hazırlayardı.
- Parlament seçimləri dönəmində Azərbaycan mətbuatında sizinlə bağlı “millət vəkilliyinə namizəd – Azərbaycan əsilli Şamil Ayrım”, deyə yazılırdı. Yəni Türkiyədə millət vəkili, üstəlik də Azərbaycan əsilli siyasətçi olmağın özü də böyük bir məsuliyyətdir...
- Bəli, böyük məsuliyyətdir. Türkiyədə bütün diaspor fəaliyyətlərində iştirak etmişik. Bizim vəqfimiz Qara dəniz İqtisadi İşbirliyində müşahidəçi statusundadır. Biz Azərbaycanın haqlı davasını hər yerdə söyləyirik. Azərbaycanın öz ayaqları üstündə durması, beynəlxalq ictimaiyyətə qatılması, ölkənin gələcəyi olan gənclərin önünün açılması hər zaman bizim də hədəfimiz olub. Türkiyədə siyasətlə məşğul olmaq da asan deyil. Kaş ki, burada Azərbaycan əsilli millət vəkillərinin sayı artsın.
- Bakıya, Azərbaycana ilk dəfə nə vaxt getdiniz?
- İlk dəfə 1994-cü ildə getdim, dostumuz bizi Mərdəkana apardı. O zaman millət vəkili deyildim. Bir bağ evində qaldıq. Bakını gəzdik. Mənim millət vəkili və dostluq qrupunun rəhbəri olduğum dönəmdə Azərbaycan müstəqilliyini yeni qazanmışdı. Biz Türkiyə-Azərbaycan əlaqələrini parlamentlərarası çərçivədə inkişaf etdirməyə çalışdıq. Artıq orda xeyli dostlarımız var, bizi hətta toylara dəvət edirlər.
Bilirsiniz, mən hər zaman getdiyim xarici ölkələrdə öncə Türkiyənin o ölkədəki səfirliyinə gedirəm, sonra isə Azərbaycan səfirliyinin yerini soruşuram və oranı ziyarət edirəm. Yəni hara gedirəmsə gedim, içimdə Azərbaycan sevgisi, azərbaycanlı olmağımın qürurunu daşıyıram və bu hər zaman belə olacaq. Gənclərə hər zaman deyirəm ki, mədəniyyətinizi, adət və ənənələrinizi unutmayasınız. Sovet dövründə Türkiyəyə Azərbaycandan ara-sıra musiqiçilər gəlirdi, Zeynəb Xanlarovanın konsertləri olurdu. Onları böyük maraqla dinləyirdik. Çünki Azərbaycan mədəniyyəti bizi çox çəkirdi özünə. Təbii ki, Azərbaycanın incəsənətini və sənət adamlarını müstəqillikdən sonra daha yaxşı tanıya bildik. İndi mədəni əlaqələrimiz də ildən-ilə inkişaf edir. Azərbaycanın müstəqilliyi Türkiyə üçün çox önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bu yaxınlarda səfəri bunun bir daha təsdiqi oldu. Azərbaycanın Qarabağ davasında Türkiyə hər zaman onun yanındadır. Hər zaman Azərbaycan bayrağının, millətinin yanında olmuşuq və bu belə də davam edəcək.
Mehparə SULTANOVA
Ankara