Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin payızında Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə fevralın 25-də Nizami Kino Mərkəzində Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin iştirakı ilə mətbuat konfransı keçirildi və festivalın rəsmi internet səhifəsinin təqdimatı oldu.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək ekran əsərlərini təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.
Sektor müdiri onu da əlavə etdi ki, festival filmlərin beynəlxalq auditoriya qazanmasına imkan yaradacaq, eyni zamanda, zəngin tarixi və mədəni irsi olan Azərbaycanın turizm potensialının təbliğinə təkan verəcək. O, turizm filmləri festivalına professional münsiflərin dəvət ediləcəyini, daha çox auditoriya cəlb etmək üçün filmlərin açıq havada nümayiş olunacağını da tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Qeyd olundu ki, festivalın ənənəvi olaraq təşkili və növbəti illərdə yay aylarında keçirilməsi planlaşdırılıb. Çünki ölkədə turistlərin daha çox olduğu bir vaxt festival üçün də münasib zamandır. Festival "Mədəni turizm", "Təbiət turizmi və ekoturizm", "Dəniz turizmi və su əyləncələri", "Kommersiya turizmi", "Ekspedisiya və səyahətlər" və "İdman turizmi" mövzularını əhatə edəcək.
Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin isə bildirdi ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: “Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan, turizmin inkişafı baxımından son illər nəzərə çarpan yüksəlişə nail olub. Bu səbəbdən də inanıram ki, festival uğurla gerçəkləşəcək”.
Qonaq həmçinin vurğuladı ki, bu festival dünyanın bir çox şəhərlərində keçirilir: “Bakıya səfərimin məqsədi təşkilati məsələlərdə sizə yardımçı olmaqdır. Təbliğat üçün ölkə və millətiniz haqqında daha çox məlumat əldə etməliyik və bu istiqamətdə işlər həyata keçirməliyik”.
Təşkilati məsələlərdə yaxından iştirak edən “Azanfilm” cizgi filmləri studiyasının direktoru, rejissor Fariz Əhmədov isə festivalın rəsmi internet səhifəsi - www.bitff.az haqqında məlumat verdi. Azərbaycan, ingilis və rus dillərində hazırlanan internet portalı festivala qatılmaq istəyən hər kəsə ən yaxşı bələdçi olacaq. Sayt vasitəsilə iştirakçılar ərizələrini yerləşdirə və filmlərini göndərə bilərlər. Filmlərin avqustun 15-nə qədər təqdim olunması nəzərdə tutulub.

Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar