Tbilisidə gürcü dilində “Mirzə Fətəli Axundzadə və Gürcüstan” adlı kitab işıq üzü görüb.

Kitabda gürcü yazıçı və şairlərinin, jurnalist və ictimai xadimlərinin Mirzə Fətəli haqqında fikirləri, eləcə də, ötən əsrin 40-cı illərindən bu günə qədər Gürcüstanın dövri mətbuatında bu böyük mütəfəkkirin yubiley və anım günləri ilə əlaqədar keçirilən tədbirləri əks etdirən yazılar yer alıb.

Kitabın tərtibçisi, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi-jurnalist, tədqiqatçı Mirzə Məmmədoğlu (Maşov) nəşr üzərində bir neçə il işləyib. O deyib ki, kitabı tərtib edərkən ötən əsrin 30-cu  illərindən bəri kitab, qəzet və jurnalları gözdən keçirərək Mirzə Fətəli barəsində yazıları bir yerə toplayıb.

O qeyd edib ki, 2012-ci ildə bu yazıların əksər hissəsi Azərbaycan dilinə tərcümə edilib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Bakıda nəşr olunub.

Bununla yanaşı Mirzə Maşov Mirzə Fətəliyə və onun ailəsinə aid indiyədək ictimaiyyətə məlum olmayan fotoları, yeni yazıları əldə edib.

Kitabda Gürcüstanın rusdilli dövri mətbuatında Axundzadə barədə 40-a qədər müəllifin yazıları da verilib. Nəşr M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru olmuş Əziz Şərifin 1934-cü ildə Tiflisdə nəşr olunan “Türk ədəbiyyatı” kitabının ön sözünün Mirzə Fətəliyə aid olan hissəsi ilə açılır.